AZ

COP29 çərçivəsində Bakıda "Həmkarlar ittifaqları üçün strateji gün" mövzusunda tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 17-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) təşəbbüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, "Həmkarlar ittifaqları üçün strateji gün" mövzusunda keçirilən tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirak edən müxtəlif ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
BHİK-nın baş katibi Luk Trianql iştirakçılara tədbirin məqsədi və mövzusu barədə məlumat verib, əhəmiyyətindən söz açıb. O, həmçinin COP29-un nümunəvi təşkilindən və gedişindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin və nəticənin iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə faydalı olacağını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə keçirilən COP29-dan bəhs edib. Bildirib ki, məsuliyyətli ölkə olan Azərbaycan hər zaman qlobal problemlərə həssas yanaşır, dövlətimizin başçısı cənab İlham Əliyev bəşəriyyətin gələcəyi ilə bağlı önəmli təşəbbüslər irəli sürür. Onun sözlərinə görə, Azərbaycan bu mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə təşkil edib, bu çərçivədə bütün işlər sistemli aparılır. Azərbaycanın yaşıl gündəliyindən də danışan Konfederasiya sədri iqlim dəyişmələri ilə mübarizədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri xatırladıb, bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın önəminə diqqət çəkib. Qeyd edib ki, COP29 işçilərin hüquqlarının və sosial ədalətin müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması kimi aktual məsələlərin müzakirəsi üçün də unikal platformadır.
Vurğulanıb ki, hazırda həmkarlar ittifaqları istehsal proseslərində dəyişikliklər, "yaşıl texnologiyalar" və bərpaolunan enerji mənbələrinə keçidlə bağlı qərarların qəbulu proseslərində iştirak edir. Bugünkü tədbir yeni təşəbbüslərin, birgə layihələrin başlanğıc nöqtəsinə çevriləcək, səslənən fikir və təkliflər gələcək fəaliyyətlər üçün əsas olacaq.
Sonra COP29-un ilk həftəsində keçirilən tədbir və aparılan müzakirələr, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı, həmçinin COP29-un ikinci həftəsinin prioritetləri nəzərdən keçirilib, Milli Səviyyədə Müəyyən edilən Töhfələrlə bağlı fikirlər səslənib.
BHİK-nın Qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel dünyanı narahat edən məqamlardan biri kimi iqlim dəyişmələri ilə mübarizənin önəmini qeyd edib. Bildirib ki, bu sahədə fəaliyyət göstərən təcrübəli iqtisadçı kimi problemin mahiyyətinin daha ciddi olmasının fərqindədir. O, COP29 çərçivəsində aparılan danışıqlar, müzakirə olunan məsələlər və prioritetlər barədə də fikirlərini bölüşüb.
Eləcə də, tədbirdə tematik sessiyalar keçirilib, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlb edilməsinin vacibliyi, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması vurğulanıb, əmək hüquqları sahəsində ortaya çıxan tendensiyaların müzakirəsi aparılıb, bu istiqamətdə çətinliklər və gələcək çağırışlar qeyd olunub.
Seçilən
31
50
oxu.az

10Mənbələr