AZ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə COP29-un gündəmində olan məsələlər müzakirə edilib.

Bununla yanaşı, Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və Azərbaycanın yaşıl keçid strategiyası ətrafında fikir mübadiləsi aparıldı. Avqust Pflüger, Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə Əliyevə minnətdarlığını bildirdi.

Bakıya səfərdən məmnun qaldıqlarını deyən qonaq, Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunaraq, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlatdı və bu müqavilənin ABŞ və müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini qeyd etdi. Həmçinin, həmin dövrdən bəri energetika sahəsində əhəmiyyətli əməkdaşlığın möhkəmləndiyini bildirdi.

Əliyev Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpa olunan enerjinin istehsal potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın bərpa olunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxundu və Azərbaycanın region ölkələri — Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd etdi. O, həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı və COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğuladı. Əliyev qeyd etdi ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.

Prezident İlham Əliyev Xəzər dənizində böyük həcmdə bərpa olunan külək enerjisi potensialının olduğunu vurğuladı, həmçinin hidroenerji resurslarının da inkişaf etdirildiyini və böyük enerji istehsalı həcmlərinə çatacağını qeyd etdi. O, Azərbaycanın yaxın dövr ərzində 4 gigavat gücündə bərpa olunan enerjini Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirdi və Avropa İttifaqı bazarının enerji tələbatının artdığını vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinə sadiq qaldığını və onu dəstəklədiyini vurğuladı, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırlatdı.

Dövlət başçısı, Azərbaycanın otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda isə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirdi. Münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını qeyd etdi.

Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının vacibliyini bildirdi. O qeyd etdi ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.

Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olundu və Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunuldu.

Qeyd edək ki, COP29-a ermənipərəst konqresmen Frenk Pallone də özəl olaraq gəlib. O, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bəyanatlar və təşəbbüslərlə çıxış edib.

Onun Bakıya səfəri zamanı, Pallonenin qaldığı otelin qarşısında hökumətyönlü fəalların etiraz aksiyaları keçirilib.

Seçilən
42
turan.az

1Mənbələr