İsveç millisi UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində doğma meydanda Azərbaycanla oyundan öncə itki ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, yığmanın müdafiəçisi Viktor Lindelof ötən gün Slovakiya ilə oyunda sıradan çıxıb. “Mançester Yunayted”in futbolçusu yığmanın düşərgəsini tərk edib.
Bundan başqa, “Atalanta”nın futbolçusu İsak Hien də millimizlə matçda iştirak etməyəcək. 25 yaşlı müdafiəçi dünən Slovakiya ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı vəziyyətə düşüb.
Qeyd edək ki, İsveç - Azərbaycan matçı 19 noyabr Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.