AZ

İsrail Prezidenti COP29-a niyə gəlmədi?

Demə, İsrail Prezidenti İsaak Hersoqun COP29 qlobal iqlim sammitində iştirak etmək üçün noyabrın 19-da Bakıya planlaşdırılan səfəri heç də təhlükəsizlik səbəbilə ləğv edilməyibmiş. 

 

Senzor.az bildirir ki, İsrail mediasının yazdığına görə, əsl səbəb Türkiyənin,  İsaak Hersoqun  təyyarəsini öz hava məkanına buraxmaması olub. KİV-in iddiasına görə, məhz Ankaranın bu qərarı üzündən İsrail Prezidenti Azərbaycana qısa səfərini ləğv etməli olub.

 

“Hürriyet” nəşri yüksək vəzifəli məmurlara istinadən yazır ki, İsrail hakimiyyəti Ankaradan Prezident İsaak Hersoqun uçuşu üçün Türkiyə hava məkanından istifadəyə icazə verməsini xahiş edib. Lakin Türkiyə rəsmiləri bu tələbi rədd ediblər.

 

Xatırladaq ki, bundan əvvəl İsrailin rəsmi mənbələri Hersoqun səfərinin ləğvinin təhlükəsizlik məsələləri ilə əlaqəli olduğunu bildirmişdilər. Ancaq “Yedioth Ahronoth” qəzeti yazır ki, bu izahat rəsmi Bakının narazılığına səbəb olub. Nəşrin məlumatına görə, Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə İsrail XİN-dən səfərin ləğv edilməsinin səbəbinin dəyişdirilməsini xahiş edib.

 

Azərbaycan rəsmiləri “Yedioth Ahronoth” a təsdiqləyiblər ki, səfərin ləğv edilməsinin əsl səbəbi Türkiyənin İsrailin Wing of Zion hökumət təyyarəsi üçün hava məkanını bağlamaq qərarı olub.

 

"Təəssüf ki, diplomatik kanallar üzrə bir neçə gün davam edən intensiv danışıqlar nəticə vermədi. Azərbaycan iqlim sammitində bütün tərəflərin iştirakı üçün lazım olan hər cür şəraiti təmin edib, lakin İsrail Prezidentinin səfəri ilə bağlı vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb", - deyə mənbə qeyd edib.

 

O, həmçinin əlavə edib ki, Azərbaycan COP29-da iştirak edən bütün nümayəndə heyətlərinin təhlükəsizliyini yüksək səviyyədə təmin edib.

 

Qəzet maraqlı bir məqama da toxunub. Məlum olub ki, sammitdə iştirak etmək üçün Bakıya gələn israilli nazirlər Gürcüstan üzərindən kommersiya reyslərindən yararlanıblar.

 

“Hersoqun niyə oxşar marşrut seçmədiyi, məhz Wing of Zion-la uçmağa qərar verdiyi aydın deyil", - nəşr yazıb.

 

Doğrudan da, məntiqli yanaşmadır... 

 

Yeri gəlmişkən, İsrail və Türkiyənin Xarici İşlər nazirlikləri hələlik məsələyə münasibət bildirməyiblər.

 

Senzor.az

Seçilən
62
1
senzor.az

2Mənbələr