AZ

Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq - COP29 prezidenti

Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini təqdim etməkdən qürur duyuram. Bəyannamə şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etməklə bağlı bizim kollektiv əzmimizi vurğulayır. Bəyannamə Bakı Şəffaflıq Platforması ilə paralel işləyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.

"Bu gün mən ikiillik şəffaflıq hesabatlarına və COP29 sədrliyinin iqlim fəaliyyətində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istərdim. Şəffaflıq beynəlxalq prosesdə inam və etibar yaradır.

O, bizim məsuliyyətimizi dəstəkləyir və iqlim fəaliyyətinə dair ambisiyalarımızı artırır. Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının (BTR) bu həftə təqdim olunmağa hazır olduğunu bildirməkdən məmnunam. Şəffaflıq həmçinin ölkələrə iqlimlə bağlı fəaliyyət potensiallarını daha yaxşı anlamağa və ehtiyaclarını müəyyən etməyə kömək edir", - deyə Muxtar Babayev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
34
10
milli.az

10Mənbələr