AZ

Əsas məsələ beş Xəzəryanı ölkənin əməkdaşlığıdır

Son illərdə Xəzər dənizi səviyyəsinin normadan daha artıq azalması müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, narahatedici məsələdir və əsasən, iqlim dəyişikliyinin təsirləri ilə əlaqələndirilir:

"COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda Xəzəryanı ölkələrin və BMT-nin ətraf mühit proqramının iştirakı ilə yüksək səviyyəli tədbir keçirilir: “Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci belə tədbirdir. Əsas diqqət Xəzər dənizinin səviyyəsinin son 10 illiklərdə kəskin azalması məsələsinə yönəlib”.

F.Mütəllimovun sözlərinə görə, problemi yaradan əsas səbəblərdən biri də Xəzərə tökülən çaylarda su ehtiyatının azalmasıdır:

“Mövcud vəziyyətlə bağlı hesabat hazırlanıb. Əsas məsələ beş Xəzəryanı ölkənin əməkdaşlığıdır. Bu istiqamətdə son bəyannamənin qəbul edilməsi gözlənilir. Beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini çəkmək lazımdır. Çünki Xəzər dənizinin səviyyəsinin azalması özü ilə birlikdə müxtəlif sosial-iqtisadi təsirlər gətirir. Bunun həm qarşısını almaq, həm də buna uyğunlaşmaq lazımdır. Gələcək layihələrin daha dayanıqlı olması vacibdir”.

Nazirlik rəsmisi qeyd edib ki, birgə fəaliyyət çox vacibdir.

“Biz istəyirik ki, birgə fəaliyyət qrupu yaradılsın və “yol xəritəsi” hazırlansın. Çünki proqnozlar onu göstərir ki, vəziyyət belə davam etsə, Xəzərin səviyyəsi daha da azalmağa davam edəcək. Odur ki, biz bu məsələ ilə bağlı çağırış edir və beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət yetirməsinə çalışırıq. Odur ki, birgə əməkdaşlıq olduqca vacibdir”, - o vurğulayıb.

Seçilən
17
ikisahil.az

1Mənbələr