AZ

Azərbaycan dünyanın taleyinə biganə olmadığını göstərdi



Azərbaycanın ev sahibliyi etdiyi, bütün dünyanın taleyini maraqlandıran COP29 tədbirinin mahiyyəti müəyyən dairələr və qərəzli insanlar tərəfindən kiçildilməyə çalışırdı. Azərbaycan dövləti COP29 tədbirinə ev sahibliyi etməklə dünyanın taleyinə biganə olmadığını, bunun üçün əlindən nə gəlirsə etməyə çalışdığını göstərmək istədi. Amma hesab edirəm ki, tədbirin uğurlu və ya uğursuz alınmasının mahiyyət etibarilə Azərbaycana dəxli yoxdur. Azərbaycan ev sahibi kimi mühüm olan hər bir şəraiti yaratdı və hələ də bunun üçün tədbirin sonuna kimi əlindən gələni edir. Amma tədbirdə alınan qərarların tətbiqindən sonra əldə ediləcək nəticələr COP29-un öz hədəfinə çatıb-çatmamasını göstərə bilər ki, bunun üçün də zamana ehtiyac var. Azərbaycan dövlət kimi COP29-dan mənəvi qazancdan başqa heç nə əldə etmir. Mənəvi qazanc dedikdə qonaqların rahat şəraitdə işləməsi, onların verəcəyi qərarların nəticələri Azərbaycan dövlətnin qazancıdır. Burda siyasi motivlər axtarmaq yersizdir. Təbii ki, tədbirin Azərbaycanın turistik imkanlarının, mətbəxinin, insanlarının dünyaya tanıdılması üçün bir arena olduğu da kəsindir. Amma bu, ikinci dərəcəli amildir. Çünki zatən gələn qonaqlar bunu görəcəkdilər.
Tədbirə bir sıra ölkələrin rəhbərlərinin hansısa səbəbdən qatılmaması onların öz işləridir. Burda geosiyasi qarşıdurma amilləri rol oynayır ki, bunda da Azərbaycan günahkar deyil. Amma dünyanın ekoloji problemlərinin həllinə çalışılan bir tədbirdə geosiyasi qarşıdurma amilləri rol almalı deyildi. Dünya məhv olandan sonra həmin geosiyasi qarşıdurma da yox olacaqdır. Ona görə də Azərbaycanın COP29 tədbirinə ev sahiblərinin səviyyəsi onu deməyə əsas verir ki, tədbir uğurla təşkil olunub. Nəticələrin nə olacağı isə ümid edirik ki, istənilən və nəzərdə tutulan kimi olacaq. On günlük tədbir keçirməklə yüz illərlə çirkləndirilən və fəlakətə sürüklənən dünyanın gələcəyinə nə qədər töhfə vermək olarsa, hesab edirəm ki, o qədər uğur əldə ediləcək, xüsusən də, belə bir məqamda bunu başa düşməyən ölkə və insanlar olduğu halda.
Azər Qasimov
Seçilən
10
newscenter.az

1Mənbələr