AZ

ARDNŞ son 2 ildə proqnozlaşdırılan dividendləri ödəməyib, gələn il 462 mln. manat dividend ödəməlidir

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2025-ci il üçün 612,2 mln. manat nəzərdə tutulub ki, bu da 2024-cü ilin proqnozundan 54,0 mln. manat və ya 9,7% çoxdur.

APA-nın xəbərinə görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Nəzərə çatdırılıb ki, artım əsasən dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişlərinin 54,0 mln. manat artırılaraq 462,0 mln. manat proqnozlaşdırılması ilə əlaqədar olub. 462,0 mln. manat dividend ödənişinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən olacağı nəzərdə tutulur.

Qeyd edilib ki, 2024-cü ildə də dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq 408,0 mln. manat dividend ödənişi yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə nəzərdə tutulub ki, bundan da cari ilin 8 ayı ərzində dövlət büdcəsinə vəsait ödənilməyib. Eyni zamanda 2023-cü ildə də müvafiq şirkət üzrə 200,0 mln. manat dividend ödənişi nəzərdə tutulsa da, bu məbləğin ödənişi təmin edilməyib. Buna baxmayaraq, 2025-ci ilin büdcə layihəsində həmin şirkətdən alınacaq dividendin məbləği 54,0 mln. manat artırılaraq 462,0 mln. manat nəzərdə tutulub.

Təqdim olunmuş məlumatlara əsasən, dividendlər üzrə 2024-cü ilin 8 ayında 169,9 mln. manat məbləğində vəsait daxil olub ki, bunun da 169,4 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,5 mln. manatı "Aqrarkredit" QSC BOKT tərəfindən dövlət büdcəsinə ödənilib.

Hesablama Palatası səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmaların artımla nəzərdə tutulmasına baxmayaraq, bu sahədə əlavə potensialın olduğu qənaətinə gəlib.

Seçilən
19
2
apa.az

3Mənbələr