AZ

Cərimələri artırdıq, bəs ONLARIN maaşını niyə artırmırıq?

Hər dəfə balaca oğlumu məktəbə apararkən yol boyu üzü yaşmalı, ya da heç üz-gözünü bağlamayan, qışın soyuğunda, yayın nəfəs kəsən istisində küçə və parkları təmizləyən gözəl insanları – təmizlik fatehlərini görürəm. Hər dəfə də onlar çalışarkən qıraqdan baxıb düşünürəm: bu ölkədə çoxunun ağız büzdüyü, elə çoxunun da cəsarət edib qatlaşmadığı bu ağır zəhmətlə ən halal yaşamaq yolunu seçmiş, aldığı azacıq mavacib ilə bu şəhərin təmizliyi üçün yuxusuna haram qatan, ömrünü bu şəhərin təmizliyinə həsr edən bu gözəl insanlar ən xoş sözlərə layiqdirlər. Onların əməyi gerçəkdən əvəzsizdir. Çünki onlar təkcə əməklərini ortaya qoymurlar, həm də həyatlarını risqə atırlar. Onlar hər gün cəmiyyətin hər üzünü görürlər. Bu fədakar insanlar hər gün yol qıraqlarında küçə süpürərkən ölüm təhlükəsi ilə qarşı-qarşıya dururlar. Mətbuatdan da oxuduğumuz kimi, hər il neçə təmizlik işçisi yol qəzalarının qurbanı olur. Ağır əmək və ölüm təhlükəsi onlarla bərabər yol gedir daima bir ömür boyu...
Üstəgəl tərbiyəsiz, mədəniyyət yoxsulu olan bəzilərinin hara gəldi tulladıqları zir-zibili yığışdırmaq, bəzi özündən razıların yuxarıdan aşağı münasibəti də onların bəxtinə düşüb.Ən gənc vaxtlarından ahıl dövrünə qədər təmizlik işi ilə məşğul olan bu insanların sosial müdafiəsi necədir bəs? Bu yaxınlarda küçə və meydanları zibilləyənlər barədə yeni qərar imzalandı. Belə ki, Milli Məclis tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılmasını təsdiq edib. Dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Bundan başqa, məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq.
Əlbəttdə bütün bu qərarlar ətraf mühiti qorumaq, küçə və xiyabanları daima təmiz saxlamaq üçün inzibati bir tədbirdir. Həm də lazımlıdır. Çünki maariflənmə və qanunlar insan şüuruna təsir etmirsə, inzibati resurslar bu yerdə qaçılmaz olur. Xüsusuilə son 15-20 il ərzində şəhər həyatına uyğunlaşmayan ən müxtəlif formalı sosial qruplara aid və düşüncə tərzi fərqli olan insan qruplarının Bakı şəhərinə küləvi axını ekoloji təhlükəsizlik problemini də kifayət qədər aktuallaşdırıb. Elələri var ki, ümumiyyətlə şəhər mədəniyyətinin, ictimai məsuliyyətin özündən xəbərsizdir bu gün...
Amma bütün bunlarla yanaşı ortaya bir sual çıxır. Cərimələrin miqdarını artırdıq, bəs şəhəri zibilliklərdən təmizləyən fədakar insanların əmək haqqı necə olsun, onları da artırmaq lazım deyil? Axı hər kəs bilir ki, maksimum 400-500 arası maaş alan bu insanların əməyi ilə, gördükləri əziyyətli iş ilə aldıqları aylıq məvacib arasında böyük tərs mütənasiblik var. Şəhəri zibilləyən düşüncsizlərlə sözün əsl mənasında ilin bütün fəsillərində mübarizə aparan zəhmətkeş insanların sosial müdafiəsi, əmək haqlarının yüksəldilməsi çəkinmədən deyərdim ki, prioritet məsələdir. Çünki çıxarılan qərarların, artırılan cərimələrin əməli nəticələri bu zəhmətkeş insanların hər səhər yol qırağlarında, küçə və xiyabanda gördükləri işlərdən asılıdır. Axı hamımıza aydın olan həqiqət budur ki, cərimələri artırmaq inzibati tənbeh və hüququ məsuliyyət dərəcəsidirsə, səhərdən axşama qədər bu şəhərin təmizliyi üçün çarpışan bu insanların sosial müdafiəsi həmin qərarların nüfuzu, elan etdiyimiz təmiz ətraf mühit və ekoloji təhlükəsizliq qaydalarına əməldə riayət etdiyimizi nümayiş etdirmək üçün vacibdən də vacibdir.Ortada yeyib qıraqda gəzənlərdən fərqli olaraq ən ağır əməyə qatlaşan təmizlik işçiləri ən yüksək dəyərə layiqdir. Dəyər, dəyər sahibinə lütf ediləndə qiymətli olur!

Mətləb Salahov

Seçilən
31
50
sia.az

10Mənbələr