Dünyanın diqqətini Azərbaycana yönəldən və noyabrın 11-22 tarixlərini əhatə edəcək COP29 tədbirinin hər günü ölkəmizin tarixinə mühüm hadisələrlə yazılır. Ölkəmizin iqlim dəyişmələrinə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. Bu addımların ümumiləşdirilmiş ifadəsi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eyni zamanda, 200-ə yaxım ölkənin dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibliyidir.
Prezident İlham Əliyevin noyabrın 12-də Liderlər Sammitində və moyabrın 13-də inkişaf etməkdə olam kiçik ada dövlətlərinin Sammitindəki çıxışında səsləndirdiyi çağırışlar bu gün ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Cənab İlham Əliyev Liderlər Sammitində Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə hazırlaşdığını, bu tədbirə ev sahibliyimizi şərtləndirən amilləri diqqətə çatdıraraq bu reallığı da qeyd etdi ki, bununla bağlı qərarın qəbul edildiyi gündən başlayaraq ölkəmizə qarşı qarayaxma kampaniyası başlandı. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.
Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır: “Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”.
Bu çağırış xüsusi səsləndirildi ki, ölkələrə qiymət başqa meyarlara görə verilməlidir: “Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir. Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər”.
Reallıq budur ki, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi bu gün iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsindəki rolunda özünün aydın ifadəsini tapır. Bu fikir daim önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu marağın zaman-zaman dəyişdiyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb oldu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vəziyyəti tamamilə dəyişdi, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizdə sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Qeyd etdiklərimizin fonunda enerji strategiyamızı bir neçə mərhələyə bölmək olar. Müstəqilliyimizin bərpasından üç il sonra ilkin mərhələdə dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə Azərbaycan oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürən Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Beynəlxalq əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq.
Cənab İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən bu günədək boykotu təşviq edən dairələrə də mesajını çatdırdı. Bildirdi ki, onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın: “Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”
COP29-un hər bir iştirakçısı tədbirin yüksək səviyyədə təşkilini, Azərbaycanın sözün əsl mənasında yaşıl keçidin güclü carçısı olduğunu təqdir edir. Cənab İlham Əliyev bildirdi ki, COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.
Dövlətimizin başçısı İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik qitə dövlətlərinin Sammitindəki çıxışında da dövrün çağırışlarını, günümüzün reallıqlarını əsaslı şəkildə diqqətə çatdırdı. Qeyd etdi ki, biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq.
Təbii ki, bu faktları davam etdirə bilərik. Real olan budur ki, Azərbaycan qlobal problemlərin həllində dəstəyini əsirgəmir, hər bir ölkəyə kömək etməkdə maraqlıdır. Bu, ondan irəli gəlir ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri bundan ibarətdir: Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Ədalət və beynəlxalq hüquq dövlətimizin siyasətində prioritetdir.
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri