AZ

Mayk Tayson-Ceyk Pol döyüşü ilə bağlı şok iddia —Qaydalar pozulub

Amerikalı məşhur "YouTuber Ceyk Pol və əfsanəvi ağır çəkili boksçu Mayk Tayson arasında gözlənilən boks qarşılaşması baş tutub. Səkkiz raund davam edən döyüşdə qalib gələn Ceyk Pol olub.

Demokrat.az
xəbər verir ki, maçın ardından sosial mediada və idman dairələrində qarşılaşmanın əvvəlcədən planlaşdırılmış bir ssenari əsasında keçirildiyi iddiaları gündəmə gəlib. 

Bir çox izləyici, Taysonun yaşı və fiziki hazırlığının belə bir döyüş üçün uyğun olmadığını vurğulayıb. ABŞ-ın əksər ştatlarında Taysonun döyüş keçirməsinə icazə verilmədiyi üçün qarşılaşma yalnız Texasda müəyyən qaydalar çərçivəsində təşkil olunub. Ən önəmli qaydalardan biri boksçuların daha qalın və ağır əlcəklər geyinməsini tələb edirdi. Bunun məqsədi yumruqların təsir gücünü azaltmaq idi.

Keçmiş boksçu və hazırda boks ekspertliyi ilə məşğul olan Toni Bellev Ceyk Polun bu qaydanı pozduğunu bildirib. Bellev öz paylaşımında qeyd edib:

"Maykın geyindiyi əlcəklər çox qalın görünür, amma Ceykin geyindiyi adi yumruq əlcəkləridir. Əlcəklər arasında böyük fərq var və mən bunları yatağımdan izləyirəm".

Bellev əlavə edib:

"Bu axmaq uşağı sevmirəm, amma bir şeyi deyəcəyəm... Ceyk Pol orada Maykı vurmağı dayandırdı və onun sağ qalmasına imkan yaratmaqla ona bir növ hörmət və ləyaqət göstərdi. O, nakaut etməyə çalışmadı, sadəcə onu olduğu kimi buraxdı".

Qeyd edək ki, boks dünyasının maraqla gözlədiyi Mayk Tayson və Ceyk Pol arasındakı qarşılaşma təkcə idman sahəsində deyil, həm də böyük maliyyə müvəffəqiyyəti ilə tarixə düşüb. Ceyk Pol bu qarşılaşmadan 40 milyon dollar qazanıb. Bu məbləğ, Polun karyerasında ən yüksək qazanc nöqtələrindən biri kimi diqqət çəkir.  

Boksun əfsanəvi siması Mayk Tayson isə bu tarixi qarşılaşmadan 20 milyon dollar əldə edib. 58 yaşında olan Tayson üçün bu gəlir, rinqə geri dönməsinin nə qədər dəyərli olduğunu bir daha sübut edir.  

Jalə
Demokrat.az
Seçilən
21
demokrat.az

1Mənbələr