AZ

Alla Puqaçovanın uydurduğu “bəstəkar” – O, öz mahnılarına başqa "müəllif" tapmağa vadar olub

Rusiya estradasının əfsanəsi Alla Puqaçovanın fotoşəkilləri arasında biri xüsusilə diqqət çəkir. Orada müğənni qısa parikdə və kişi kostyumunda piano arxasında oturub. Dodaqları qalın bığla, gözləri isə qalın çərçivəli eynəklərlə örtülüb. Düşünmək olar ki, fotoşəkil hansısa naməlum bəstəkarı təsvir edir.
 
Lakin fotoda belə bir şəkilaltı söz var: “Alla Puqaçova Boris Qorbonos obrazında”. Bu qeyri-adi fotonun tarixinə nəzər salanda məlum olur ki, 70-ci illərin sonlarında Alla Puqaçova bəstəkar kimi istedadını nümayiş etdirmək üçün özünü kişi kimi göstərməli olub.
 
Müğənni Alla Puqaçova, əri - rejissor Aleksandr Stefanoviç, fotoqraf Vyaçeslav Maneşin və studiyanın vizajisti “Mosfilm”in ofisinə toplaşırlar. Onlar əsl dəyişimə hazırlaşırdılar: qırmızı saçlı gözəl müğənni xəstə gəncə çevriləcəkdi.

all-4.jpg (32 KB)

Puqaçova kişi pariki və qalın çərçivəli eynək taxır. Sonra ona Stefanoviçin köynəyini, qalstukunu, pencəyini geyindirirlər və piano arxasında əyləşdirirlər. Vizajist öz növbəsində saxta bığı yapışdırır. Sonda kameranın obyektivi ilə gənc bəstəkar Boris Qorbonosun fotoşəkilləri lentə alınır.

Boris Qorbonos dünyaya gəlməsini “Oxuyan qadın” filminə borcludur. 1977-ci ildə Alla Puqaçova baş qəhrəman kimi çəkilişlərdə iştirak edir. O, bəstəkar Aleksandr Zatsepin bir neçə mahnısını ifa etməli olur. Onlar əvvəllər də birlikdə və çox səmərəli işlədiklərindən Alla Puqaçova çətinlik çəkmir. O zaman o, artıq istedadlı müğənni kimi özünü təsdiq etmişdi və dramatik aktrisa kimi debütü qarşıda idi.

Amma bu filmdə Alla Puqaçova özünü bəstəkar kimi sübut etmək qərarına gəlir. İllər keçdikcə onun bunu niyə saxta ad altında etdiyinə dair bir neçə versiya yaranır.

Boris Qorbonosun yaranmasının üç versiyası

all-5.jpg (32 KB)

Onlardan birini bioqraf və tarixçi Fyodor Razzakov danışıb. Onun sözlərinə görə, Puqaçovanın əlində artıq bəstələrinin bir neçə fonoqramı olub. O, “Oxuyan qadın” və “Şekspirin soneti”nin musiqisini yazıb. Bununla belə, Alla, bəstələrinin filmdə səslənmə şansının zəif olduğuna inanırdı. Müğənni A. Zatsepin və “Mosfilm” rəhbərliyinin buna qarşı çıxacağına əmin idi. Çünki Alla Puqaçova öz adı ilə bəstələdiyi musiqini təqdim etmək üçün Bəstəkarlar İttifaqının üzvü olmalı idi.

Alla Puqaçovanın keçmiş əri Aleksandr Stefanoviç isə öz hekayəsini danışıb. Onun sözlərinə görə, Puqaçovanı Qorbonos olmağa inandıran da məhz o olub. Stefanoviç istedadlı müğənninin ayda 20-dən çox konsert verməsini, amma hər ifasına 8 rubl almasını ədalətsizlik hesab edib. O, Puqaçovaya musiqi bəstələməyə başlamağı təklif edib ki, onun reytinqi yüksəlsin. Alla əvvəl tərəddüd edib, amma sonda Stefanoviçə bir neçə bəstəsini göstərib. “Mosfilm”in direktoru Nikolay Sizov rejissora zəng edərək kimin musiqisini gətirdiyini soruşub. Həyəcandan Aleksndr Stefanoviç bunu Lyuberettsdən olan xəstə bir gənc tərəfindən yazıldığını söyləyib.

alll-1.jpg (37 KB)

İllər sonra Alla Puqaçovaya Boris Qorbonosun necə yarandığı barədə sual ünvanlayıblar. Müğənni detallara varmayıb. O, yalnız bəstələdiyi mahnılarına obyektiv münasibət göstərilməsini istəyib. Buna görə də onları naməlum bəstəkarın əsərləri kimi təqdim edib.

Bu və ya digər şəkildə Stefanoviç və Puqaçova musiqini uydurma Boris Qorbonosla əlaqələndirməyi bacarırlar. Boris adı Stefanoviçin keçmiş sinif yoldaşının ismi olur. Onlar həmçinin Qorbonosun təsirli tərcümeyi-halını da hazırlayırlar: sanki musiqini əlil arabasına məhkum olan xəstə bir gənc yazıb.

Saxtakarlığın nəticələri

“Mosfilm”in rəhbərliyinin də heç nədən şübhələnməməsi üçün Puqaçova və Stefanoviç Boris Qorbonosun adını qeydiyyatdan keçirirlər. Bu vaxt onun “Oxuyan qadın” filmi üçün bəstələdiyi mahnılar artıq Zatsepinin studiyasında yazılırdı. Alla Puqaçova bəstəkardan radioya vermək üçün Boris Qorbonosun bir neçə bəstəsini yazmağa icazə verməsini xahiş edir. Aleksandr Stefanoviç onunla razılaşır. Çəkilişlər başlayanda A. Zatsepin öyrənir ki, filmdə Boris Qorbonosun bəstələdiyi mahnılar səslənəcək.

all-6.jpg (42 KB)

A. Zatsepin, başqasının onunla işləməsini istəmir və filmdən gedəcəyini açıqlayır. Danışıqlardan sonra bəstəkar fikrindən daşınır, ancaq filmdən sonra Puqaçova ilə daha işləməyəcəyini bildirir. Zatsepinlə qalmaqaldan sonra studiya Boris Qorbonos haqqında daha çox məlumat əldə etmək istəyir. Öncə Stefanoviçi çağırırlar.

Rejissor əvvəlcə çaş-baş qalır, lakin Qorbonosun varlığına dair bütün sübutları təqdim edəcəyinə söz verir. Belə ki, o, fotoqraf, vizajist və Puqaçovanın özü ilə birlikdə müğənninin alter eqosu üçün fotosessiya təşkil edir. Studiyada heç kim bunun eyni adam olduğunu başa düşmür.

all-7.jpg (24 KB)

“Mosfilm”in direktoru filmdə Boris Qorbonosun musiqisindən istifadə edilməsinə yaşıl işıq yandırır. Nəticədə filmdə “Oxuyan qadın”, “Şekspirin soneti” və “Gəl” mahnıları səslənir. “Oxuyan qadın” filminə çəkiləndən sonra Alla Puqaçova artıq Boris Qorbonos adından istifadə etmir. Lakin Boris Qorbonos uzun illər Alla Puqaçova ilə Aleksandr Zatsepin arasında küsülülüyün səbəbkarı olur. /Musavat.com/

Seçilən
19
1
moderator.az

2Mənbələr