AZ

Kriptovalyutalarda rekord bahalaşma

Yazını böyüt
Yazını kiçilt

ABŞ-də keçirilmiş Prezident seçkilərindən sonra kriptovalyutalar bahalaşır. “Bitcoin”in qiyməti yeni rekord qıraraq 87 300 dollara qədər bahalaşmağı bacarıb. “CoinMarketCap.com”a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası 2.9 trilyon dollardır. “Bitcoin”in qiyməti hazırda 86.720 dollar, bazar kapitalizasiyası isə 1.7 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 59 faizini təşkil edir.

Xüsusilə kriptovalyuta dostu hesab edilən Donald Trampın qazandığı seçkilərdən sonra investorlar “Bitcoin” və digər kripto aktivlərinin daha çox dəyər qazanacağına inanırlar. “Bitcoin”in qiymətinin 90 min dolları keçəcəyini hədəfləyən açıq mövqelər məşhur Deribit törəmə birjasında 2,8 milyard dolları keçib. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ni “planetin kriptovalyuta paytaxtı” edəcəyinə söz verib. Onun kriptovalyuta ictimaiyyətinə verdiyi vədlər arasında ABŞ hökuməti tərəfindən saxlanılan 16 milyard dollardan çox “Bitcoin” aktivləri ilə milli kriptovalyuta ehtiyatının yaradılması və faiz dərəcələrinin aşağı salınması daxildir. Pul siyasətinin yumşaldılması adətən kriptovalyuta qiymətlərinin artmasına səbəb olur. ABŞ Federal Ehtiyat Sistemi (FED) noyabrın 7-də ardıcıl ikinci dəfə faiz dərəcələrini aşağı salmaqla kriptovalyuta bazarını dolayı yolla dəstəkləyib. 

Bəs, görəsən, Azərbaycanda bu sahəyə maraq varmı və bazar nə dərəcədə etibarlıdır? Ümumiyyətlə, bazar necə tənzimlənir?

Mövzu ilə bağlı “Crypto Consulting” MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib ki, Azərbaycanda kriptovalyutalara maraq olsa da, bazarın tənzimlənməsi ilə bağlı konkret mexanizm yoxdur: “Azərbaycanda “Bitcoin” ilə paralel “ethereum”, “solana”, “ton”, “ripple”, “dogecoin” və s. kimi altkoinlərə investisiya edənlər az deyil. Bu, sadəcə həvəskar invostor səviyyəsindədir. Hələ də ölkəmizdə kriptovalyutaların tənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmi yoxdur. Nəzərə almaq lazımdır ki, 2024-cü ilin əvvəlindən kriptovalyutaların qiymətinin müsbət dinamika üzrə artdığını müşahidə edirik. Hazırda dünyada “Bitcoin”-ETF Fondların təsdiq edilməsi, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini endirməsi, Donald Trampın ABŞ-də prezident seçkilərində qalib gəlməsindən sonra bahalaşmaqda davam edir. Tramp prezident seçiləndən sonra Azərbaycanda da kriptovalyuta layihələrinə yaşıl işıq yandırdı. Belə ki, Mərkəzi Bank Sandbox xüsusi tənzimləmə rejimində sınaqlarda iştirak etmək üçün təqdim edilmiş 21 layihədən 4 innovativ məhsulu seçərək məhdud şərtlər çərçivəsində sınaqdan keçirilməsinə icazə verib. Bu məhsulların Mərkəzi Bankın nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub. Əgər sınaq uğurlu olarsa, bu istiqamətdə tənzimləyici aktlar qəbul oluna bilər. Hazırda proses bu yöndə irəliləyir. Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş ölkələrinin təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə, hətta müəyyən dövr üçün 0 faiz vergi dərəcəsi və ya digər güzəşt tədbirləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ) və MDB ölkələrinin (Ukrayna, Özbəkistan, Belarus) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. Ölkə olaraq biz hələ ki gözləmə mövqeyindəyik və çalışırıq ki, yaxın qonşularımız olan Rusiya və Türkiyənin bu sektor üzrə təcrübəsindən istifadə edib fayda əldə edək. Əgər həmin ölkələrdə bu məsələ qadağan olunsa, bizdə də qadağan ediləcək. Bu ölkələrdə yaşıl işıq verilsə, bizdə də bu sahəyə yaşıl işıq veriləcək”.

E.Quliyev vurğulayır ki, Azərbaycanda yaxın 3 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq: “Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə mümkündür. Ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Bu, bir ödəniş mədəniyyəti və yeni texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffaflaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafından danışmaq mümkün olmayacaq”.

Ekspert onu da bildirir ki, kriptovalyutanın alqısı və nağdlaşdırılması prosesi 3 əsas formada həyata keçirilir: “Bunlardan ən sərfəlisi kriptovalyuta birjalarıdır, amma bunun üçün xüsusi biliklər lazımdır. İkincisi, mübadilə servisidir. Bu, daha rahat formadır, amma orada yüksək komissiyalar var. 3-cü də kriptobankomatlardır. Ən rahat üsullardan biridir, amma kriptobankomatlar hər ölkədə olmur. Qonşu Gürcüstanda, Ukraynada var. Bizim ölkədə hələ yoxdur”.

E.Quliyev öz açıqlamasında həmçinin kriptovalyutaya investisiya yatırmaq istəyənlərə məsləhətini də verib: “Hesab edirəm, kriptovalyutalar investisiya aləti kimi uzunmüddətli mövqedə ən yüksək marjalı investiyalardan biri olacaq. Necə ki, son 2-3 ilin təcrübəsində biz bunun şahidi olduq. Təbii ki, qlobal iqtisadiyyat rəqəmsallaşmaya doğru gedir və kriptovalyutalara da tələb artır. Rəqəmsal ödənişlərin real sektorda tətbiqi kriptovalyutaların istifadəsini daha da tezləşdirəcək. Odur ki, investisiya etməzdən əvvəl risklərinizi minimumlaşdırmaq üçün özünüzdən daha təcrübəli ekspertlərlə məsləhətləşin. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə, səbrli olub gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin”.

Seçilən
8
50
hafta.az

10Mənbələr