Hər şeyi Günəşlə işləyir - Alternativ enerjiyə Qusardan öncə keçən kəndli
Qusarın Aşağı Ləgər kənd sakini Bəhruz Şıxbalayev şəxsi təsərrüfatını günəş enerjisi ilə idarə edir.
Bakupost.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, onun şəxsi təsərrüfası kənddən xeyli aralıda yerləşir. Ərazidə elektrik enerjisi yoxdur. Bu səbəbdən də meyvə bağında çalışan Bəhruz Şıxbalayev təsərrüfatında günəş panelləri quraşdırıb. O, elektriklə çalışan alətləri, eləcə də motosikleti və bağ qayçısını günəş enerji ilə işlədir.
"Enerjisi tamdır, balaca motosikletimizlə 50 km yol gedə bilərik. Əllə işləyən qayçı çox yorucu idi, amma günəş enerjisi ilə işləyən qayçı işimizi həm asanlaşdırır, həm də sürətləndirir. Əgər əvvəlki qayçı ilə gündə 30-40 ağac budayırdıqsa, indiki qayçıyla 100 ağacı rahatlıqla budamaq olur," – deyə o bildirib.
Azərbaycanda günəş enerjisindən istifadə geniş yayılmasa da, mütəxəssislər bunu bərpa olunan enerjinin ən perspektivli növlərindən biri kimi qiymətləndirirlər.
Bəhruzun fikrincə, günəş enerjisi uzunmüddətli qənaət üçün əlverişlidir:
"Bir dəfə pul xərcləyib alırsan, illərlə istifadə edirsən. Hər ay elektrik haqqı ödəmək məcburiyyəti yoxdur. Bağdakı bütün elektriklə işləyən avadanlıqları bu sistem tamamilə təmin edir. Artıq 5 ildir ki, bundan istifadə edirik".
Lalə, BakuPost