AZ

COP29: beş bənd - Əkbər Qoşalı yazır

COP29 bu ayın 22-sində başa çatacaq.

COP30-a doğru gedərkən Azərbaycanın təcrübəsi və modeli iqlim dəyişiklikləri ilə mübarizədə önəmli örnəklər təqdim etmiş olacaq. Respublikamız “Paris Sazişi”nin məqsədlərinə uyğun olaraq, istixana qazı emissiyalarını azaltmaq, enerji effektivliyini artırmaq və bərpaolunan enerji qaynaqlarından daha geniş yararlanmaq yönündə vacib addımlarını davam etdirəcəkdir. -

1. “Paris Sazişi” və milli töhfələr

Azərbaycan, “Paris Sazişi”nə qoşularaq, istixana qazı emissiyalarını 35 il öncələrdəki səviyyəyə görə elə 35% azaltmağa çalışır. Ölkəmiz bu hədəfə çatmaq üçün müxtəlif sektorlarda - o cümlədən enerji, sənaye və kənd təsərrüfatı sahələrində islahatlar həyata keçirir.

2. Bərpaolunan enerji potensialı

Azərbaycanın külək və Günəş enerjisi potensialının yüksək olduğu bilinən faktdır. 2023-cü ildə qəbul edilmiş “Yaşıl enerji” konsepsiyası ölkəmizin enerji sektorunda transformasiyasını sürətləndirməkdədir. Özəlliklə Qarabağ və Gündoğar Zəngəzurun “Yaşıl enerji bölgəsi” elan edilməsi bu sahədə innovativ layihələrin həyata keçirilməsinə təkan verməkdədir. Əgər Qarabağ və Gündoğar Zəngəzur üç on il boyu işğalda qalmasaydı, daha erkən və daha təsirli işlər görmüş olardıq… - Bizə yeri gəldi-gəlmədi, dəxli oldu-olmadı irad tutanlar aradabir yada salsınlar: Azərbaycanın 20% ərazisi 2020-ci ilədək kim(lər)in işğalındaydı və nə üçün?.. Həmin o keçmiş işğalçının mina xəritələrini hələ də  tam təhvil verməməsi bütün növ iqlim, ekologiya dəyişikliklərinə hansı “töhfələr” bəxş edir, əcaba?..

3. Karbon neytrallığı və innovativ həllər

Doğrudur, neft-qaz sektoru karbon emissiyalarının əsas qaynaqlarından biridir. Lakin SOCAR (digər aidiyyatı qurumlarla birgə) artıq karbon neytrallığına nail olmaq üçün yeni texnologiyalara yatırımlar qoyur. Örnəyi, qaz sızmalarının azaldılması, sutəmizləmə sistemləri və karbontutma texnologiyaları bu yöndə önəmli addımlardır.

4. Bölgəsəl işbirliyi və işin beynəlxalq boyutu

Azərbaycan coğrafi mövqeyinə görə (və əlbəttə, dövlət başçısının siyasi iradəsi sayəsində!) bölgəsəl enerji tranzitində önəmli rol oynayır. Xəzər hövzəsinin enerji layihələri və “Güney Qaz Dəhlizi” kimi təşəbbüslər bərpaolunan enerjiyə keçid sürəcini asanlaşdırır. - Bu da, öz növbəsində, qlobal enerji təhlükəsizliyinə bir töhfədir.

5. COP30 və Azərbaycanın rolu

Azərbaycan COP30 üçün milli və bölgəsəl səviyyədə uğurlu bir model təqdim etmək əzmindədir. Ölkənin təcrübəsi iqlim dəyişikliyinə uyğunlaşma, təmiz texnologiyaların tətbiqi və bərpaolunan enerji sahəsində uğurları əhatə edir.

Azərbaycanın təcrübəsi, özəlliklə inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizədə bir örnək təşkil edir. COP29 öz yerində, qarşıdakı COP30 platforması da, bu təcrübələri beynəlxalq ictimaiyyətə tanıtmaq üçün önəmli fürsət olacaqdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr