2024-cü ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin keçən illə müqayisədə artması müdafiə xərclərinin yüksəlməsi ilə bağlıdır. Bunu Azərbaycan maliyə naziri Samir Şərifov bildirib.
"Neft Fondunun transfertləri büdcənin gəlir hissəsində keçən illə müqayisədə 228 milyon manat artıb. Bu artım əsasən Ermənistanın militarizasiyasına cavab olaraq müdafiə xərclərinin artırılması göstərişinə uyğun olaraq həyata keçirilir", - nazir bildirib.
O həmçinin bildirib ki, 2025-ci ildə neft sektorundan gəlirlərin 750 milyon manat azalacağı gözlənilir.
"Bu, neft yataqlarının tükənməsi ilə əlaqədardır və uzun müddətdir istismar olunmaları bu azalmanı şərtləndirir", nazir bildirib.
Şərifovun sözlərinə görə, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırıcı tədbirləri sayəsində qeyri-neft sektorunda da müsbət dəyişiklər müşahidə olunur və bu sektordan əlavə olaraq 960 milyon manat vergi daxil olub.
Neftin qiymətinə gəlincə nazir bildirib ki, müəyyən risklərə baxmayaraq, hazırda neftin dünya bazarında qiyməti proqnoz səviyyəsindən aşağı deyil.
"Əsas proqnozlar mötəbər təhlillərə və böyük neft şirkətlərinin qiymətləndirmələrinə əsaslanır", - nazir bildirib.
2025-ci ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 70 dollar nəzərdə tutulub.
N.Təbrizli
.
www.anews.az