Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun əsas strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir...
Siyasi-şərhçi: “Tramp o qədər qeyri-sabit adamdır ki, bu iki ayda 200 dəfə qərarını dəyişə bilər. Amma bu gün görünən Trampın komandası daha çox daxili siyasətə köklənib”.
“Bəli, Tramp İsrailin qızğın tərəfdarıdır. Amma İsrailə görə ABŞ-ın Yaxın Şərq müharibəsinə daxil olması Trampın iflası demək olardı”.
Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Trampın təyin etdiyi siyasi komandasını Poliqon-a şərh edərkən qeyd edib.
Bildiyimiz kimi, Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun əsas strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir. Yeni təyinatların İsraillə bağlı baxışlarında “İrana qarşı müharibə” də daxildir.
Bəs, “müharibələr dayanacaq” devizi ilə seçilən Tramp tərtib etdiyi yeni administrasiya ilə nəyə nail olmaq istəyir?
ABŞ-ın gələcək xarici siyasət kursunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Bu gün geosiyasi savaşın qızğın bir dönəmində müharibəyə girmək ABŞ üçün eynilə Rusiyanın Ukraynadakı vəziyyətinə düşməsinə bərabər olardı”.
ABŞ Əfqanıstana müdaxilə edəndə, istər İraqa müdaxilə edəndə qarşısında güclü rəqibin olmadığını xatırladan ekspert Poliqon-a bildirib ki, o zaman nə Rusiya konfliktə maraqlı deyildi, mə də Çin qlobal məsələlərə qarışmırdı:
“Trampın xarici siyasət üzrə təyinatları dedikdə bunlar hələlik müvəqqəti təyinatlardır. Buna keçid administrasiyası deyirlər. Qarşıdan gələn iki ay, yəni andiçmə mərasimi və Ağ Evə daxil olmaq dövrü əhatə edir. Tramp o qədər qeyri-sabit adamdır ki, bu iki ayda 200 dəfə qərarını dəyişə bilər. Amma bu gün görünən Trampın komandası daha çox daxili siyasətə köklənib. Onlar çalışır ABŞ-ın daxilində oturuşmuş düzəni dəyişsinlər, hakimiyyətin daxilində islahat adı altında çoxlu dövlət qurumlarının fəaliyyətini məhdudlaşdırsınlar, ya da bəzilərini ləğv etsinlər. Hətta onlar bu barədə açıq bəyanatlar da verirlər. Belə bir şəraitdə Trampın hansısa müharibəyə görəcəyi heç də. inandırıcı görünmür.
Bəli, Tramp İsrailin qızğın tərəfdarıdır. Amma İsrailə görə ABŞ-ın Yaxın Şərq müharibəsinə daxil olması Trampın iflası demək olardı. Ona görə ki, Tramp əslində bütün populizmini məhz guya Demokratların müharibə aparmaları üzərində qurmuşdu.
Tramp bu gün də o narativdən çox istifadə edir. Halbuki ki, biz diqqətlə baxsaq görərik ki, istər İraq, istər Əfqanıstan müharibəsini Respublikaçılar başladıb. Respublikaçı prezident kiçik Corc Buşun dönəmdə bu şeylər başladı. Yəni bununla Tramp öz ayağının altındakı dayağı vurub dağıtmış olar.
Mən hələ belə bir müharibənin inkişaf sxeminin hansı nəticələrə gətirib çıxaracağını demirəm. Bu məsələnin başqa bir tərəfidir. Mən əminəm ki, bunun nəticələri Əfqanıstan müharibəsindən də, İraq müharibəsindən də qat-qat ağır ola bilər. Ona görə ki, həmin dövrdə, istər ABŞ Əfqanıstana müdaxilə edəndə, istər İraqa müdaxilə edəndə qarşısında güclü rəqib yox idi. Yəni o zaman nə Rusiya konfliktə maraqlı deyildi, Çin qlobal məsələlərə qarışmırdı.
Ərəstun Oruclu: “Trampın komandasının bu gün verdiyi açıqlamalardan, bəyanatlardan bir şey aydındır ki, onlar daha çox ABŞ-ın daxilində birdəfəlik mövqelərini möhkəmləndirməyə kurs götürüblər”.
Bu gün geosiyasətin qızğın bir dönəmində müharibəyə girmək ABŞ üçün eynilə Rusiyanın Ukraynadakı vəziyyətinə düşməsinə bərabər olardı. Bəlkə bu bir az uğursuz müqayisədir, amma hər halda prinsipial, nəticə baxımından eyni şey olardı. Mən hələ onu demirəm ki, Tramp müharibələrə xərclənən pulları daxilə xərcləmək kimi papirus bəyanatlar verir. Bu halda Tramp amerika əhalisinə nə cavab verəcək? Təbii ki, ilk növbədə də öz məqamlarını gözləyən siyasi rəqiblərinə nə cavab verəcək? Mən hələ Respublikaçıların daxilində olan Trampa qarşı olan güclü komandanı demirəm.
Gördüyümüz kimi, vəziyyət son dərəcə mürəkkəbdir. Mən düşünmürəm ki, Tramp hansısa müharibəyə daxil olmağa cəhd edəcək. O başqa şeydir ki, İranla İsrail öz aralarında müharibə başlamaqla ABŞ-ı da buna cəlb edə bilərlər. Bu tamamilə mümkündür. Amma Trampın komandasının bu gün verdiyi açıqlamalardan, bəyanatlardan bir şey aydındır ki, onlar daha çox ABŞ-ın daxilində birdəfəlik mövqelərini möhkəmləndirməyə kurs götürüblər. Yəni başqa sözlə desək, bəlkə də bir avtoritar rejim qurmağa çalışırlar. Bunun alınıb-alınmaması başqa söhbətdir.
Amma hələlik ABŞ-nin müharibəyə qatılmaq, daxil olmaq kimi əlamət görünmür. Mənə elə gəlir daha çox mediada belə fikirlər yayılır. Trampın özünün və rəsmilərinin dilindən səslənən bəyanatlarda bu görünmür”.
Nərminə UMUDLU
Poliqon.info