AZ

“Bu, Trampa da sərf edir” - “Rusiya aerodromları sonrakı hədəf olacaq”

Bayden administrasiyasının Ukraynaya Rusiya ərazisinin dərinliklərinə ABŞ silahları ilə zərbələrin endirilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırmasına dair iddialar günün əsas müzakirə mövzusudur.

Ağ ev və Milli Güvənlik Şurası məsələ ilə bağlı beynəlxalq media qurumlarının göndərdiyi sorğulara şərh verməyib.

ABŞ qoşunlarının Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hoces qərarı yerli mediaya şərh edərkən bildirib ki, bu, Trampın Ağ evə qayıdışınadək Vaşinqtonun hərəkətsiz qalmayacağına dair Rusiyaya bir işarədir: "Tramp administrasiyası işə başlarkən, bu siyasət artıq gerçəkləşməkdə olacaq və Donald Trampın özünə də sərf edəcək".

General-leytenant bunu da deyib ki, Ukrayna, böyük ehtimalla, uzaqmənzilli raketlərdən düşmənin Kursk vilayətindəki komanda məntəqələrinə, silah anbarlarına və artilleriya batareyalarına zərbələr endirəcək. O, Ukrayna şəhərlərini atəşə tutmaq üçün istifadə olunan Rusiya aerodromlarının sonrakı hədəf olacağını da söyləyib.

Şotlandiyadakı Sent-Endrüs Universitetinin professoru Fillips O'Brayen isə belə bir addımın çoxdan gərəkdiyini deyərək əlavə edib ki, əsas narahatedici məqam Ağ evə qayıdandan sonra Trampın bu siyasəti dayandıra biləcəyidir.

ABŞ-nin Böyük Britaniya, Fransa və digər müttəfiqlərini də bənzər addımlar atmağa məcbur edəcəyi düşünülür.

Ukraynanın uzaqmənzilli Qərb silahlarından istifadəsini Kiyevin bir çox müttəfiqi birmənalı qarşılamayıb. Bəziləri Rusiyanın cavab zərbəsindən və Avropada daha geniş savaşın yayılmasından ehtiyatlanır.

“AzPolitika.info”

Seçilən
21
azpolitika.info

1Mənbələr