AZ

Qazaxdan Araza qədər yol belə açılacaq: Laçından Ermənistanın içərisinə olan yol isə...

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Regional kommunikasiyaların açılması ilə bağlı erməni tərəfi qarşılıqlı məqbul həll yoluna yaxınlaşdıqlarını açıqlamışdı. Qarşılıqlı həll yolu dedikdə nələr nəzərdə tutulur?

- Nikol Paşinyan kommunikasiya xətlərinin açılmasına fərqli istiqamətdən başlamağın mümkünlüyünü gündəmə gətirmişdi. O iddia edirdi ki, ilk növbədə Qazax-İcevan dəmir yolu açılsın. Eyni zamanda şosse yolları ilə bağlı da təkliflərinin olduğunu demişdi. Qazaxdan Araz çayına qədər olan avtomobil yollarının açılmasından danışılırdı. Həmçinin Laçından Ermənistanın içərisinə doğru gedən bir yolun açılması da iddia edilirdi.

- Görünən odur ki, qarşı tərəf heç bir halda Zəngəzur dəhlizinə yaxınlaşmaq iddiasında deyil...

- Reallıq odur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizindən keçməsi nəzərdə tutulan dəmir yolu xəttinin üzərinə gəlmək istəmir. Fakt Zəngəzurdan keçən dəmir yolu ilə yüklərin böyük hissəsini daşımaq mümkündür. Vaxtilə bu dəmir yolu birbaşa İrəvana qədər gedirdi.

- Qazax-İcevan dəmir yolunun açılması bölgə üçün nə vəd edir?

- Bu yol Azərbaycanla Ermənistan üçün yetərli sayılacaq səviyyədədir. Amma Türkiyə və türk dünyasına çıxış üçün bu yol heç bir perspektiv vəd etmir.

- İndiki halda Zəngəzur dəhlizi ətrafında vəziyyət nə dərəcədə ürəkaçandır?

- Ermənistan tərəfi artıq bu dəhlizin açılmasına “hə” deyib. Avropa İqtisadi İnkişaf Bankı dəhlizin açılması ilə bağlı Ermənistana 342 milyon avro kredit ayırıb. Belə olan halda məsələnin həlli üçün heç nə qalmır.

- Dəhlizə nəzarət mexanizmi necə olacaq?

- Pulu verən sözsüz ki, dəhlizə nəzarət etmək istəyəcək. Burada maraqlı olan beynəlxalq təşkilatlar hansısa korporasiyanın nəzarətində dəhlizin açılmasının mümkünlüyünü zaman-zaman gündəmə gətirib.

- Rusiyanın bu məsələyə yanaşması necə ola bilər?

- Sözsüz ki, Moskva bu məsələdə geri addım atmayacaq. Kreml dəhlizin açılması üçün pul xərcləməsə belə nəzarəti heç kəsə vermək niyyətində deyil. Çünki ərazidə hələ də Rusiyanın sərhəd qoşunları var. Moskva öz əsgərləri ilə dəhlizə nəzarəti həyata keçirəcəyi iddiasını ortaya qoyub. Burada Kremlin strateji maraqları da var.

- Bakı ilə İrəvan arasında sülh danışıqlarında iki bənd üzrə razılaşdırılmamış məsələnin qaldığı iddia edilirdi. Bunlar hansı məsələlər ola bilər?

- Erməni tərəfi heç bir əsas olmadan Azərbaycandan Avropa Məhkəməsinə şikayət edib. İddia ediblər ki, guya Azərbaycan Ermənistan torpaqlarına daxil olub. İlkin olaraq Ermənistan bu yalan iddiadan imtina etməlidir. Digər məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan əsasız ərazi iddialarıdır. SSRİ dağıldıqdan sonra Ermənistan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi ididalarını əks etdirən məqamlar yer alıb. Amma bütün bunlara baxmayaraq Ermənistan tərəfi bu ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
43
3
teleqraf.com

4Mənbələr