AZ

Azərbaycan "iqlim təhsili"nin inkişafına tam sadiqdir - Emin Əmrullayev

Bakı, TurkicWorld

Azərbaycan "iqlim təhsili"nin inkişafına və dayanıqlılıq əsasında qurulan bir gələcəyin yaradılmasına tam sadiqdir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.

"Son altı ildə Azərbaycanda iqlim dəyişiklikləri və ekoloji məlumatlılığı milli tədris proqramımıza inteqrasiya etmək üçün addımlar atmışıq. İbtidai sinifdən orta məktəbə qədər təbiət elmləri kimi fənlər iqlim dəyişikliklərinə həsr olunmuş vacib elementləri özündə birləşdirir. Məsələn, coğrafiya üzrə tədris proqramımızın standartlarının 25 faizindən çoxu birbaşa iqlim sistemləri və davamlı inkişafa aiddir. Bu kompleks yanaşma şagirdlərimizə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resurslardan istifadəni və ekosistemlərimizin qorunması yollarını anlamaqda kömək edir.

Biz "iqlim təhsili"nin inkişafına və dayanıqlılıq əsasında gələcəyin qurulmasına tam sadiqik. Bizim üçün iqlim dəyişiklikləri uzaq bir problem deyil – bu, reallıqdır. Planetdə temperaturun yüksəlməsi, hava şəraitində dəyişikliklər və su ehtiyatları ilə bağlı çağırışlar bizə işimizin aktuallığını xatırladır. Bu təcili vəziyyət bizi "iqlim təhsili"ni təhsil sistemimizin əsas elementi etməyə təşviq edir, gələcək nəsilləri yalnız uyğunlaşmaq üçün deyil, həm də bu sahədə lider olmaq üçün hazırlayır", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
25
1
turkic.world

2Mənbələr