AZ

Rus Dram Teatrının səhnəsində “Kapitan Qızı” » AzadMedia.az


2024-cü il Rusiya Mədəniyyət Nazirliyi tərəfindən böyük rus ədibi Aleksandr Sergeyeviç Puşkinin şərəfinə "Puşkin ili" kimi qeyd edilir. Bu mühüm mədəniyyət hadisəsi münasibətilə Azərbaycan Dövlət Rus Dram Teatrı klassik ədəbiyyatın incilərindən biri olan “Kapitan qızı” romanını səhnələşdirib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Azadmedia.az-a bildirdi ki, "Kapitan qızı" Rusiya və Azərbaycan Mədəniyyət Nazirliyinin qarşılıqlı əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirdiyi birgə layihə nəticəsində ərsəyə gəlib. Tamaşanın rejissoru Sankt-Peterburqdan olan İqor Konyayevdir, qalan yaradıcı heyət Rus Dram Teatrının komandasından ibarətdir.

Rus Dram Teatrının yaradıcı heyətinin 8 aydır "Kapitan qızı" ilə Rusiyanın iri şəhərlərində və festifallarda anşlaqla qarşılandığını deyən Ədalət müəllim onu da vurğuladı ki, Sankt-Peterburqda Baltik evində, Moskvada Çexov festifalında, bu yaxınlarda isə Astarxanda festifalda uğurla çıxış edən komandası "Kapitan qızı" ilə COP29 tədbirləri çərçivəsində Mədəbiyyət Nazirliyinin layihəsinə uyğun Bakıda şəhər sakinlərinin və beynəlxalq konfransda iştirak edən qonaqların görüşünə gəlib. Ədalət müəllimin fikrincə, silah səslərinə son verilməli, qlobal iqlim dəyişmələrinə insanlara, təbiətə sevgi ilə, məhəbbətlə hər kəs öz tövhəsini verməlidir:
"Puşkinin son tamamlanmış romanı sayılan “Kapitan qızı” 1773-1775-ci illərdə Rusiyada baş verən Pugaçov üsyanını və bu tarixi hadisənin fonunda cərəyan edən şəxsi insan talelərini təsvir edir. Əsər sadəcə tarixi xronika deyil, eyni zamanda insanın vətənə sədaqəti, sevgisi və şərəfi kimi əbədi dəyərləri ön plana çəkir. Biz Vətənlə yanaşı Yer kürəsini də sevib onu qorumağa çalışmalıyıq".

Tamaşanın rejissoru İqor Konyayev səhnələşdirmə zamanı müasir teatr elementlərindən istifadə etsə də, əsərin orijinalına maksimum sadiq qalıb.
Tamaşada aktyorların dərin psixoloji obrazlar yaratması və səhnə dekorasiyasının tarixi atmosferi real şəkildə canlandırması diqqətəlayiqdir.

Tamaşadan sonra Ədalət müəllimlə birgə şəhərimizin qonaqları olan tamaşaçılardan təəssüratlarını soruşduq. Onlar Puşkinin klassik əsərinin teatr versiyasını yüksək qiymətləndirdilər. Ədalət müəllim qeyd etdi ki, bu cür layihələr ədəbiyyat və teatr arasında körpü yaradacaq, yubiley münasibətilə təqdim olunan bu tamaşa Puşkinin yaradıcılığının aktuallığını bir daha göstərərək, gənc nəslin də diqqətini böyük ədibin əsərlərinə yönəldəcək.

Əsəri oxumayanlar üçün "Kapitan Qızı" romanı haqqında qısa məlumat vermək istəyirəm.

Aleksandr Sergeyeviç Puşkinin “Kapitan qızı” romanı rus ədəbiyyatının ən əhəmiyyətli əsərlərindən biridir. 1836-cı ildə yazılmış bu əsər Puşkinin sonuncu böyük nəsr nümunəsi hesab olunur. Romanın əsas mövzusu tarixi hadisələr və insan talelərinin bu hadisələr fonunda təsviridir.
Roman 18-ci əsrin ikinci yarısında Rusiyada baş vermiş Pugaçov üsyanı dövrünü əhatə edir. Əsər Pyotr Qriynevin və onun sevdiyi qız Mariya Mironovanın həyatı ətrafında cərəyan edir. Pyotr Qriynev atası tərəfindən hərbi xidmətə göndərilir və o, kiçik bir qalada xidmətə başlayır. Burada o, kapitanın qızı Mariya ilə tanış olur və ona aşiq olur.
Bu vaxt Pugaçovun başçılığı ilə kəndlilərin üsyanı başlayır. Pyotr çətin sınaqlardan keçərək həm vətənə, həm də sevdiyi insana sədaqətini sübut edir.
“Kapitan qızı” sadə və axıcı dili, təsirli süjeti ilə diqqət çəkir. Puşkin əsərdəki tarixi hadisələri və şəxsi münasibətləri mükəmməl şəkildə tarazlayır. Bu roman, rus tarixi və mədəniyyətini öyrənmək üçün mühüm bir mənbədir.
Puşkin bu əsəri ilə tarix və ədəbiyyatın birləşməsini, oxuculara həm tarixi hadisələrdən, həm də insan xarakterinin dərinliyindən xəbərdar etməyi hədəfləmişdir. “Kapitan qızı” həm tarixi, həm də psixoloji roman janrının parlaq nümunəsi olaraq qəbul edilir.
Roman dünya ədəbiyyatında da özünəməxsus yer tutur və bu günə qədər aktual olaraq oxunur və səhnələşdirilir.

Elnurə Abuşova
Seçilən
12
1
azadmedia.az

2Mənbələr