AZ

Sosioloq: “Evlilik yaşı uzandıqca, qeyri-qanuni münasibətlər artır”

“Evlilik yaşı gecikdikcə, insanın bioloji tələbat məsələləri onu qeyri-qanuni münasibətlər görməyə məcbur edir. Bu, normal olmasa belə, insanlar bunu normallaşdırmağa çalışırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O, bioloji ehtiyac yaranan vəziyyətlərdə evliliyin mütləq olduğunu bildirib:

“Çünki milli dəyərlərə sadiq qalaraq bu tələbatı həyat yoldaşın vasitəsilə ödəmək lazımdır. Evli olmayan insanlara gəldikdə isə onların nikahdan kənar qeyri-qanuni münasibətləri inkişaf edir. Bu da öz növbəsində vətəndaş nikahı ilə yanaşı, bir sıra problemlərə yol açır. Bu, həm də həmin şəxsdə psixoloji dəyişikliklərə də səbəb ola bilər”.

Onun sözlərinə görə, əsas məsələ isə bu halların qadın və kişi arasında baş verdiyi zaman cəmiyyətin onlara göstərdiyi reaksiyanın fərqliliyidir:

“Belə ki, kişilər öz aralarında bunu normal qəbul edirlər. Artıq onlar üçün bu, adiləşmiş vəziyyətdir. Qadınlarda isə fərqlidir. Onlar bu cəmiyyətdə mental dəyərləri qorumağı bacarmalıdırlar. Əgər nəfslərinə məğlub olub bu işi tutsalar, cəmiyyətin qınaq obyektinə çevriləcəklər. Çünki milli-mənəvi dəyərlərimizə əsasən, ailə qurarkən qadınlarda bakirəlik prinsipi əsas götürülür. Təbii ki, qadın, əgər nikahdan əvvəl belə münasibətdə olubsa, artıq onun üçün evlilik də müşkül bir vəziyyətə düşmüş olur”.

Sosioloq bakirə olmayan qadınların evlənmək üçün müxtəlif yollara əl atdığını da bildirib:

“Bu səbəbdən, belə qadınlar evlilik zamanı ya bakirəlik prinsipini lazımi hesab etməyən biri ilə ailə qurmalı, ya da tibbi yardım vasitəsilə onlar bakirəliklərini bərpa etdirməlidirlər. Təbii bu zaman da müəyyən çətinliklər yaşayır. Onun üçün də evlilik yaşının uzadılmasının əleyhinəyəm. Əgər karyera, təhsil almaq istəyən insanlarda bu kimi problemlər çıxırsa, bununla bağlı düşünmək lazımdır. Zənn edirəm ki, dəyərlərin qorunması və xoşagəlməz nəticələrin yaranmaması üçün zamanında ailə qurmaq, münasibətləri qanuni formada yaşamaq və paralel olaraq karyera, təhsil imkanlarını da inkişaf etdirmək lazımdır”.

Mayıl Soltanov

Seçilən
13
yenicag.az

1Mənbələr