AZ

Tarixi film istehsalında SÜKUNƏT: “Kinomuzun xilası onun əlindədir” – Xalq artistindən TƏKLİF

“Hazırkı məqamda qardaş Türkiyədəki kimi tarixi filmlərin çəkilməsi barədə düşünmək utopiyadır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti Xalidə Quliyeva deyib.

Aktrisa “Azərbaycanda tarixi filmlər niyə çəkilmir”, sualını cavablandırarkən belə deyib. Hətta o, bunun səbəblərini də açıqlayıb:

“Tarixi film çəkmək üçün böyük vəsait lazımdır. Böyük vəsait də özəl kino şirkətlərində olmur. Ona görə də indi daha çox xırda məişət mövzusunda filmlər çəkirlər və bu günü candandırırlar”.

X. Quliyeva əlavə edib ki, kinomuzun xilası dövlətimizin əlindədir:

“Necə ki, bizim dövrümüzdə “Azərbaycanfilm” kinostudiyası fəaliyyət göstərirdi, bütün peşəkarlar orada cəmlənmişdi və dövlət filmləri maliyyələşdirirdi, indi də tarixi filmlərin çəkilməsi üçün böyük bir film fabriki işə düşməli, Cəfər Cabbarlı adına Kinostudiya kino istehsalına başlamalıdır. Məhz dövlət tərəfindən maliyyələşdirilsə, tarixi film çəkmək olar. Amma hazırkı məqamda qardaş Türkiyədəki kimi tarixi filmlərin çəkilməsi barədə düşünmək utopiya, çox çətin və ağırdır. Bunun üçün peşəkar rejissorlar, səbir, güc, qüvvət, ən əsası isə ideologiya lazımdır. Dəyərlərimizi qaytarmalıyıq, çünki coğrafiyamızı, millətimizi, dilimizi, mədəniyyətimizi təbliğ etmək üçün bu gün tarixi filmlərin çəkilməsinə çox böyük ehtiyac var”.

Xalq artisti Qarabağ Müharibəsində şəhid olan qəhrəmanlarımız barədə filmləri çəkilməsinə çox böyük ehtiyac olduğunu da fikirlərinə əlavə edib.

“İkinci Qarabağ müharibəsində şəhid olan, sözün əsl mənasında qəhrəmanlıq göstərən qəhrəmanlarımızı filmlərə gətirməliyik ki, xalq onlara baxıb nə isə öyrənsin, öz qəhrəmanlarına bənzəməyə çalışsın. Necə ki, vaxtilə filmlərdə Mehdi, Qaçaq Nəbi, Babək, Koroğlu, Nəsimiyə baxmışıq, eləcə də Qarabağ müharibəsində də cəsarət nümayiş etdirən cəsur qəhrəmanlar bizim mənəvi dəyərlərimizdir. Onlar haqqında mütləq filmlər çəkilməli, tamaşaçı mənən qidalanmalıdır”.

Sənətçi tarixi filmlərdə yaratmaq istədiyi obrazların da adını çəkib:

“Ağqoyunlular dövlətinin yaradıcısı Uzun Həsənin anası Sara xatunun obrazını yaratmaq istərdim. Bir də Qarabağ müharibəsi qəhrəmanının anası obrazını oynamaq arzusundayam”.

Cəvahir

Seçilən
14
yenicag.az

1Mənbələr