BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir.
Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Biz artıq G20-nin iki ölkəsindən - Böyük Britaniya və Braziliyadan siqnallar almışıq. Onlar indicə öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyi planlaşdırırlar", - S.Stil bildirib.
Onun sözlərinə görə, həqiqətən vacib alətlərdən biri bu il dərc edilməli olan yeni İkiillik Şəffaflıq Hesabatlarıdır: "Bu hesabatlar daha effektiv iqlim siyasəti üçün faktiki məlumat bazası yaratmağa kömək edir. Biz gördük ki, onlardan bəziləri təqdim edilib və daha çoxu hazırlanma prosesindədir".