AZ

"Azərbaycan tərəfi qəsdən tənqidi çıxış edib" - EKSPERT RƏYLƏRİ

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış etdi. Prezident İlham Əliyev bu çıxışı ilə çox mühüm mesajlar verdi.

SİA politoloq Elçin Abdullayev və politoloq Qabil Hüseynlinin mövzu ilə bağlı fikirlərini öyrənib.

Politoloq Elçin Abdullayev: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-dakı bütün çıxışları çoxşaxəli istiqamətləri özündə ehtiva edən çıxış idi. Xüsusilə də, dövlət başçımızın Qərb dövlətlərinə və əsasən də, mənə görə "Qərbin çömçəsi" olan əsas dövləti Fransaya yönəlik çıxışları yerində və məntiqli idi. Bu baxımdan dövlət başçısını təqdir edirəm. Çünki Fransa, bu tipli dövlətlərin Azərbaycana, türk dünyasına qarşı yürütdükləri siyasət qərəzdən başqa bir şey deyil.

Bu gün COP29 beynəlxalq səviyyəli bir tədbirdir. Bu tədbirin Bakıda keçirilməsi və buna qarşı Qərbin bəzi "demokratik" dövlətlərinin tutumu qərəzdən başqa bir şey deyil. İlham Əliyevin onlara bu tonda cavab verməsi eyni zamanda həm də dünyaya çatdırdı ki, artıq dünyada ədalət deyilən nə isə qalmayıb. Onlar qəbul etdikləri qərarları, irəli sürdükləri təşəbbüsü bir çox hallarda dəstəkləmirlər. Xüsusən də, Azərbaycan və Türkiyə kimi türkdilli dövlətlərdən söhbət getdiyi halda onlar açıq-aşkar qərəzlərini gizlətmirlər və nümayiş etdirirlər. Bu tədbirdə də Fransa kimi digər dövlətlərin Azərbaycana qarşı atdıqları addım, apardıqları təbliğat bir daha onu göstərirdi ki, onlar yaşadığımız dünyada haqqın, ədalətin bərqərar olmasında maraqlı deyillər.

Eyni zamanda İlham Əliyevin məlum çıxışı həm də onu göstərdi ki, artıq dünyada qütbləşmələr formalaşmaq üzrədir. Bir istiqamətdə Qərbin bir neçə dövləti, digər istiqamətdə isə bütün dünya dayanıb. Bu baxımdan mənə görə İlham Əliyevin COP29-dakı çıxışı həm də Fransa kimi dövlətlərin iç üzünü açdı. Ona görə də Azərbaycan Respublikası Prezidentinin COP29-dakı bütün çıxışları təqdir olunmalıdır. Mənə görə, dünya həmin çıxışdan örnək götürərək bundan sonra atacaqları addımlarda, siyasətdə mütləq korrektə etməlidirlər".

Politoloq Qabil Hüseynli: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-dakı çıxışının ağırlıq nöqtəsi dünyanı təhdid edən ekoloji problemlərdir. Bu, problemlərdən xilas olmağın yolları barədə Azərbaycan tərəfinin təklifləridir. Bundan başqa Azərbaycan tərəfi qəsdən dünyanın ekoloji vəziyyətini ağırlaşdıran, dünyaya ekoloji problemlər gətirən ölkələr haqqında da tənqidi çıxış edib. Onlardan Amerikanın, Fransanın, digər ölkələrin adlarını çəkmək olar ki, bu ekoloji problemlərlə dünyanın ekoloji iqlimini xeyli korlayırlar. Azərbaycan Prezidentinin çıxışı rəğbətlə qarşılanıb. Hətta dünyanın bəzi qəzetlərində nəşr olunub".

Müəllif: Söylü Ağazadə
Seçilən
36
sia.az

1Mənbələr