20 ildən artıqdır ki, xüsusən də Avropanın bir neçə kiçik şəhər və kəndində ölmək, xəstələnmək, hətta doğulmaq belə qadağan edilib. Ölüm və xəstələnmək qadağasını pozmağa görə cərimələrdən tutmuş vergilərin artırılmasına qədər cəzalar var.
Ölkə.Az Avropanın hansı ölkəsində ölmək, o cümlədən xəstələnməyin qadağan edildiyini şəhər və kəndləri təqdim edir.
1. Norveç
Norveçin Svalbard əyalətinin inzibati mərkəzi və min nəfərdən artıq əhalisi olan Lonqyirbyen dünyanın ən şimal yaşayış məntəqəsi hesab edilir. Burada havanın temperaturu -40 °C və daha aşağı olur. 1950-ci ildə məlum olub ki, havanın soyuq olması səbəbindən yerli qəbiristanlıqda basdırılan cəsədlər soyuqdan çürümür. Onların bəzilərində hətta 1918-ci ildə fəlakətli pandemiyaya səbəb olan patogen virusun canlı nümunələri aşkar edilib. Bundan sonra yerli rəhbərlik insanların adada ölməsini qadağan edən fərman imzalayıb. Bundan sonra kənddə ölmək mümkünsüz olub. Bu gün Lonqyirbyendə günləri sona çatmaqda olan insanlar təyyarə ilə materikə göndərilir və insanlar ömürlərinin son günlərini orada keçirirlər.
2.İtaliya
2015-ci ildə İtaliyanın 500-ə yaxın insanın yaşadığı Kalabriyadakı Celia kəndinin meri insanların xəstələnməsini qadağan edən fərman verib. Sakinlərin əksəriyyətinin 60 yaşdan yuxarı olduğunu nəzərə alsaq, bu, xüsusilə orijinal səslənir. Sərəncamda “bələdiyyə ərazisində insanların xəstələnməsi açıq şəkildə qadağandır”. Tibbi müayinələrə qatılaraq bu qanuna riayət etmək üçün lazımi addımları atmaqdan eqoistcəsinə imtina edənlər illik 10 avro cərimələnə bilərlər.
Belə bir qərarın verilməsinə səbəb isə Celianın da İtaliyanın cənubundakı bir çox digər şəhərlər kimi əhalisinin azalmasından əziyyət çəkməsidir. Yerli rəhbərlik insan sayının azalmaması məqsədilə insanların xəstələnməməsi barədə qərar verib. "Özlərinə pis baxan və ya sağlam olmayan vərdişlər inkişaf etdirənlər daha yüksək vergilərlə cəzalandırılacaqlar", - yerli bələdiyyənin qərarında deyilir.
3. Fransa
Fransada ölmək qadağan olan bir neçə yer var.
- Fransanın cənub-qərbində, təxminən 17 min insanın yaşadığı Cuqnot şəhərində ölmək qadağan edilib. Səbəb isə şəhərdə olan köhnə qəbiristanlıqda yerin olmaması və yeni qəbiristanlıq üçünsə yeni ərazinin ayrılmamasıdır.
- Çimərlikləri və mənzərələri ilə məşhur olan Fransa Rivierasındakı Le Lavandou kommunasında da insanlar ölmək kimi qadağa ilə üz-üzədir. Burada da problem yerli qəbiristanlıqda yerin olmamasıdır. Ona görə də 2000-ci ildə mer şəhər hüdudlarında ölməyi qadağan edən qanun qəbul edib.
4.İspaniya
1999-cu ildə 4 mindən çox insanın yaşadığı Lancaron şəhərinin meri Xose Rubio da ölümə qadağa qoyub. Şəhər merinin fikrincə, yeni qəbiristanlıq tapılanadək insanlara ölmək qadağan edilib.
5.Yaponiya
"Tanrılara həsr olunmuş ada" kimi tərcümə olunan Itsukuşima adasında 1878-ci ildən doğum və ya ölmək qadağandır.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş "Tanrılara həsr olunmuş ada" Şinto ziyarətgahı ilə məşhurdur. Bu, Yaponiyanın ən tanınan simvollarından biri olduğundan yerli əhali üçün ada o qədər müqəddəsdir ki, əsrlər boyu adi insanların buraya gəlməsinə icazə verilməyib.
1555-ci ildə burada samuray klanları arasında döyüş baş verəndə, qalib sərkərdə həlak olan döyüşçülərin cəsədlərinin materikə daşınmasını əmr edib. Qanlı torpaq dənizə çıxarılıb, bütün binalar qandan təmizlənıb. Bu yerin təmizliyini qorumaq üçün 1878-ci ildən Itsukuşima adasında doğum və ya ölmək qadağan edilib.
Mürtəza
Ölkə.Az