AZ

“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb

"La Gazette du Caucase" Fransanın Bakıda keçirilən COP29-u boykot etmək qərarını sərt tənqid edib.

Day.Az xəbər verir ki, "La Gazette du Caucase"nin son məqaləsində qeyd olunur ki, Fransanın iştirak etməməsinə dair rəsmi açıqlama - "siyasi fikir ayrılıqları" - əslində erməni lobbi qrupları tərəfindən təşkil edilmiş daha geniş bir kampaniyanın tərkib hissəsidir. Fransa prezidenti Emmanuel Makron tədbirdə iştirakdan imtina edərək təmsilçiliyi ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe həvalə edib, lakin o da konfransı boykot edib.

"Bu diplomatik addımın arxasında Fransadakı erməni təşkilatlarının təzyiqi dayanır və bu təzyiqi, Azərbaycanı "ermənilərin etnik təmizləməsi"ndə ittiham edən senator Yannik Jadot kimi siyasətçilərin bəyanatları gücləndirir", - deyə məqalədə bildirilir.

Məqalədə həmçinin, Paris meri Ann İdalqo və respublikaçı deputat Loran Vokyenin oxşar çıxışları vurğulanır və Fransanın bəzi KİV-lərinin COP29-un Bakıda keçirilməsini tənqid etdiyi qeyd olunur.

Nəşr bu cür iddiaları təkzib edərək bildirib ki, "France Inter"dən Patrik Koen kimi şəxslərin Azərbaycanı "diktatura" adlandırmasına baxmayaraq, reallıq bunun tam əksini göstərir. Ölkədə dünyəvilik, multikulturalizm və açıqlıq, həmrəylik atmosferi hakimdir.

"La Gazette du Caucase" Fransanın müzakirələrində tez-tez unudulan tarixi konteksti də xatırladıb.

"Xatırlamaq lazımdır ki, təxminən 30 il əvvəl erməni qüvvələri Azərbaycanın ərazilərinə müdaxilə edərək, beynəlxalq hüququ pozaraq orada tanınmamış qondarma "respublika" yaratdılar. Azərbaycanın 2020-ci ildə bu əraziləri azad etməsi onların bərpası və məcburi köçkünlərin geri qaytarılması üçün yol açdı", - məqalədə bildirilir.

Nəşr həmçinin, Fransanın Xarici İşlər Nazirliyinin Azərbaycana səfərlərlə bağlı xəbərdarlığını əsassız adlandırıb.

"Azərbaycana səfər edən fransız turistlər həmişə Azərbaycan xalqının qonaqpərvərliyini və fransız mədəniyyətinə hörmətini vurğulayırlar", - məqalədə deyilir.

Sonda "La Gazette du Caucase" qeyd edir ki, Fransanın hərəkətləri, guya Ermənistana dəstək məqsədilə atılsa da, əslində ekstremist əhval-ruhiyyəni qızışdırır.

"COP29-un boykotu və Ermənistana silah tədarükünün dəstəklənməsi ədalətli və uzunmüddətli sülhə nail olmaqdan çox, yeni münaqişəyə hazırlıq mesajı verir", - məqalədə vurğulanır.

Seçilən
18
3
day.az

4Mənbələr