AZ

Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı — 400 min manatlıq yeyinti işi


Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə iki şahidin məcburi gətirilməsi barədə qərar qəbul edilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizat şöbəsinin müdiri Zaur Məlikaslanovdur, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə müdirini müavini  Urfan Tağızadədir. 
Çingiz Mehdiyevin vəkili Araz Hüseynli bildirib ki, Zaur Məlikaslanovun məhkəmədə dindirilməsi vacibdir. Vəkil deyib ki, həmin şəxsin ifadəsi ittihamın mahiyyəti üçün əsasdır. Hakimlər qərarın icrası üçün tədbir görəcəklərini deyiblər. 
Daha sonra Çingiz Mehdiyevin vəkili mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru olmuş Arif Rəhimovun əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, Arif Rəhimov dövlətin ayırmış olduğu pulun xərclənməsinə nəzarət etməli idi, amma bu işini görməyib. Vəkil deyib ki, Arif Rəhimov bu işdə məsuliyyətli şəxs olub, amma işə nəzarət etməyib. 
Dövlət ittihamçısı Orxan Səmədov deyib ki, Arif Rəhimovun işinə istintaq orqanı baxıb və qiymət verməlidir. Onun sözlərinə görə, hazırda məhkəmədə Çingiz Mehdiyevlə bağlı işə baxılır: "Buna görə də Arif Rəhimovun dindirilməsinə əsas görmürəm. Amma bizim üçün fərqi yoxdur, məhkəmə çağırsa, gəlsin ifadə versin".
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib. 
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Hakimin səsləndirdiyi sənədlərdən məlum olur ki, istintaq orqanı tərəfindən Arif Rəhimov və Fərid Allahverdiyevin barəsində olan cinayət işinin başlanması rədd olunub. 
Məlum olub ki, həm Arif Rəhimov, həm də Fərid Allahverdiyevin barəsində verilən ittihamlar istintaq dövründə sübuta yetirilməyib. 
Sənədlərin tədqiqi mərhələsində Çingiz Mehdiyev prosesə sədrlik edən hakim tərəfindən sorğu-sual edilib. 
Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə  Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara  təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirdi.
Növbəti proses dekabrın 16-da davam edəcək.
İttihama görə, Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.
Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.
Qeyd edək ki, 2016-2018-ci illərdə "Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur.
Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.
Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.
Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.
İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.
Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Seçilən
2
9
nuh.az

10Mənbələr