AZ

Sahil Babayev: Azərbaycan işçi qüvvəsini yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır

Azərbaycan işçi qüvvəsini "yaşıl iqtisadiyyat"a keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.

Onun sözlərinə görə, "yaşıl texnologiyalar"ın sürətli inkişafı tələb olunan bacarıqların da daim inkişaf etməsini şərtləndirir və ölkənin mövcud təhsil, peşə təhsili sistemlərinin bu dəyişikliklərə uyğunlaşması əsas istiqamətlərdən biridir:

"Yaşıl iqtisadiyyat"a keçidi hədəfləyən digər ölkələr kimi, Azərbaycan da öz işçi qüvvəsini "yaşıl iqtisadiyyat"a keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır. Həmin keçid prosesi mühəndislik, ətraf mühit, rəqəmsal texnologiyalar və digər sahələrdə texniki təcrübəyə malik işçi qüvvəsini tələb edir".

S.Babayev son zamanlar intensiv peşə hazırlığına və ixtisasartırmaya qlobal tələbatın artması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu istiqamətə üstünlük verdiyini, nazirliyin 5 regional peşə-tədris mərkəzinin fəaliyyət göstərdiyini, daha bir neçə belə mərkəzin də tikilməkdə olduğunu söyləyib.

Nazir vurğulayıb ki, bu mərkəzlər işsiz və işaxtaran şəxslərə alternativ enerji qurğuları və avadanlıqlarının istismarı, bərpa olunan enerji avadanlıqlarının yığılması və külək turbin sistemlərinin quraşdırılması kimi "yaşıl bacarıqlar" üzrə təlimlər də təklif edir.

S.Babayev Qarabağ və Şərqi Zəngəzurda yaşıl iş yerləri üçün ixtisaslı kadr hazırlanması işlərinin miqyasının da getdikcə xeyli genişləndiyini, bu sahələrdə təlim proqramlarının yaşıl iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, işsiz və işaxtaran şəxslər üçün yeni məşğulluq imkanları yaratdığını qeyd edib.

Seçilən
12
5
report.az

6Mənbələr