Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsi məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olmuşdur.
Bəs bu göstəricilər gələcəkdə hansı problemlər yarada bilər?
Məsələ ilə “Operativ Media”ya açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, bu gün dörd oğlana bir qız düşür:
"Artıq illərdir ki, ölkədə doğulan qız və oğlan uşaqları arasında disbalans yaranıb. Bunun əsas səbəbi, 20 il əvvəl ultrasəs müayinələri ilə dölün qız və ya oğlan olmasının müəyyənləşdirilməsi olub. Valideynlər artıq hamiləliyin 3 və 4-cü aylarından uşağın cinsiyyəti ilə bağlı məlumat əldə edə bilirlər. Bizim cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, hər bir ailədə mütləq bir oğlan uşağı dünyaya gəlməlidir. Bu, bizim köhnə ənənələrimizə əsaslanan bir düşüncədir.
"Oğulun yoxdur, sonun yoxdur" deyə bir misal belə var. Lakin bu, heç də düzgün bir fikir deyil. Təəssüf ki, bu gündə cəmiyyətimizdə bu kimi köhnə düşüncələrə sahib insanlar var. Bəzən ana bunu istəməsə də, ata, qayınana və ya qayınata mütləq şəkildə oğlan uşağı istəyir. Qadından oğlan uşağı dünyaya gətirməsini tələb edirlər.
Belə olduqda, qadın hamiləlik dövründə ultrasəs müayinəsinə müraciət edir. Uşağın qız olduğunu bildikdə isə, hamiləliyi sonlandırır. Bu da ölkədə oğlan və qız uşaqları arasında balansın pozulmasına gətirib çıxarır. Nəticədə, bu vəziyyət gələcəkdə çox böyük problemlərə yol açacaq. Daha doğrusu, artıq bir neçə ildir ki, bu problemlərlə üzləşirik.
Hazırda, oğlanların sayı qızların sayından artıqdır. Bu gün dörd oğlana bir qız düşür. Bu isə gələcəkdə daha çox problemlərə yol açacaq. Azərbaycan artıq bu disbalans səbəbindən Çindən sonra ikinci yerdə dayanır. 2030-cu ilə qədər bu vəziyyət davam etsə, birinci yerdə olacağımız şübhəsizdir.
Gələcəkdə ailə qurmağa qız tapmaq mümkün olmayacaq, bu da özü çox böyük bir problemdir. Aydındır ki, aidiyyəti qurumlar bu sahədə maarifləndirmə işləri aparmalıdır. Hazırda bu balansın pozulması, gələcəyimizə böyük zərbə vuracaqdır".