AZ

Ağdam zəfəri: Hərbi gücün siyasi müstəvidə davamı

20 noyabr Ağdam Şəhəri Günüdür. 

Ağdam şəhəri 23 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. 1993-cü il 29 iyul tarixində  BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. 

ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi. 

Ermənistan tərəfi isə beynəlxalq qərarlara tabe olmaqdan illərlə yayındı. Lakin buna baxmayaraq, Ermənistan il ərzində danışıqlara məhəl qoymadı və işğal prosesini davam etdirdi. Nəticədə, Azərbaycan Ordusu 2020-ci ildə cəmi 44 gün ərzində Qarabağı işğaldan azad etdi. 

Bu möhtəşəm Zəfərdən sonra Ermənistan kapitulyasiya aktına imza atdı, hətta Ağdam, Kəlbəcər və Laçın şəhərləri geri qaytarıldı. Beləliklə, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad olunma günlərini qeyd etməyə başladıq. Həmin günlərdən biri də məhz 20 noyabrdır. 

Bu tarix Ağdamın işğaldan azad edilmə günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən, hər il 20 noyabrın Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Ağdam Zəfərini hərbi gücün siyasi müstəvidə davamı kimi qiymətləndirmək olar: 

"Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində parlaq qələbə qazandı. Əldə olunan tarixi Zəfərimiz həm hərbi, həm də diplomatiya müstəvisində öz təsdiqini tapdı. Cənab Prezident İlham Əliyev işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanı 10 noyabr Bəyanatı əsasında kapitulyasiya aktına imza atmağa məcbur etdi. 

Həmin bəyanata əsasən, Azərbaycan işğal olunmuş üç rayonu- Ağdam, Laçın və Kəlbəcəri qeyri-döyüş şəraitində öz yurisdiksiyasına geri qaytardı. Noyabrın 20-də Ağdam rayonu düşmən tapdağından azad olundu". 

Millət vəkili vurğulayıb ki, hazırda Ağdam yenidən qurulur: "Düşmən tərəfindən bütün infrastrukturu darmadağın edilmiş, “Qafqazın Xirosiması” adlandırılmış Ağdam indi digər işğaldan azad olunmuş ərazilər kimi yenidən qurulur və sürətli inkişafa şahidlik edir. 

Əhalinin geri qayıtması və özünü məşğulluq proqramı ilə bağlı zəruri olan bütün addımlar atılır. Doğma Ağdamımıza həyat yenidən qayıdır. Ağdam, günün mübarək!" 

Seçilən
14
cebheinfo.az

1Mənbələr