Ötən illə müqayisədə bu il meyvə və tərəvəzin qiymətində artım müşahidə edilir. Hətta mövsümi məhsullar da baha qiymətə təklif olunur. Bu durumdan həm satıcılar, həm alıcılar narazıdır. Satıcılar mövcud qiymət artımını topdansatış mərkəzlərindəki bahalaşma və məhsul qıtlığı ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yaz və yay aylarında müşahidə olunan əlverişsiz hava şəraiti payızlıq meyvə-tərəvəzlərə də mənfi təsir göstərib: “Bildiyiniz kimi, payızda yetişən meyvələr öz vegitasiya dövrünü yaz və yay aylarında davam etdirir. Bu baxımdan yaz və yay aylarında müşahidə olunan əlverişsiz hava şəraiti payzıda yetişən meyvələrə də öz təsirini göstərir. Məsələn, bazarda müşahidə etsəniz, tam salxımlı üzüm tapmaq demək olar ki, mümkün deyil. Bunun başlıca səbəbi küləkli və yağıntılı hava şəraiti ilə bağlıdır. Belə olduqda, sahibkar məcbur qalır həmin üzümün salamat qalan hissəsini bazara çıxarır. Eyni vəziyyət nara da aiddir. Dolu yağması və güclü küləklər nar ağaclarında meyvələrin zədələnməsinə gətirib çıxardı. Bu isə onu göstərir ki, yaz və yay aylarında müşahidə olunan bahaçılıq və qıtlığı elə payızda da davam edir. Ümumiyyətlə, əvvəllər də qeyd etdiyimiz kimi bu il ötən ilki payız ucuzlaşmasını görə bilməyəcəyik. Digər tərəfdən, ötən ildən indiyə qədər bir il ərzində xeyli inflyasiya gedib. Bu inflyasiya da məhsulların qiymətinə təsirsiz ötüşmür. Ona görə də bəzi meyvələrdə ötən ilkinə nisbətən xeyli bahalaşma var. Yəni bunun da səbəbi iki istiqamətdəndir. Birincisi, məhsuldarlıq aşağıdır, ikincisi inflyasiya gedib, hələ üçüncüsü də var. Son aylarda yanacağın qiyməti də bahalaşıb və bu bahalaşmanın da meyvə-tərəvəzin maya dəyərinə müəyyən qədər təsiri var. Daşımalar bu baxımdan önəmlidir. Amma gələn il artıq həm də indiki o baha yanacaq qiymətləri ilə bu məhsullar becəriləcəkdir. Gələn il hesab edirəm ki, qiymətlərə bir qədər də daha çox təsir edəcəkdir”.
Ekspert onu da vurğulayıb ki, mövcud vəziyyətin yaranmasında fermerlərin bazarlara çıxış imkanlarının məhdud olması da ciddi rol oynayır: “ Fermer bazara çıxış əldə edə bilmir, onun hazır məhsulu realizə etməsinə süni əngəllər yaradılır. Ona görə də bir çox fermerlərin məhsulu əlində qalır. Bəziləri hətta hazır məhsulu sata bilmədiyi üçün zibilliyə atır. Beləcə, hər il yay-payız aylarında on min tonlarla məhsul zay olub gedir. Bu da fermeri həvəsdən salır. Həmçinin növbəti il üçün həmin məhsulların daha az əkilməsinə səbəb olur. Kənd Təsərrüfatı Nazirliyinin geniş maliyyə imkanları var. Bu imkanlardan istifadə edib yayda tərəvəzlərin, payızda isə meyvələrin tədarükünü aparmaq olar. Bununla da orqanik və yüksək keyfiyyətli məhsulların bazara daha çox daxil olmasına imkan yaradılar. Beləliklə, tonlarla məhsulun zibilliyə atılmasının qarşısı alınar. Ən önəmlisi isə fermerlərdə daha çox məhsul yetişdirmək həvəsi yaranar. Bu da son nəticədə il boyu bazarda məhsul bolluğuna və qiymət ucuzluğuna şərait yaradar”.