AZ

İsrail prezidenti COP-a gəlməli idi(?)- təhlükəsizlik, ya Türkiyə faktoru həlledici oldu?..

Image

İsrail prezidenti İsaak Hersoqun Azərbaycana səfərinin ləğvinin əsl səbəbləri ortaya çıxıb. Azərbaycan XİN-dəki yüksək vəzifəli mənbəyə istinadən məlum olub ki, Hersoqun Azərbaycana gəlişinin ləğvinin səbəbi heç də, bəzi xarici medianın qeyd etdiyi kimi, təhlükəsizlik məsələsi deyil.

Qeyd olunub ki, dəfələrlə böyük regional və dünya tədbirlərinə (Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan prezident Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin, o cümlədən ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də təsdiqləyir. Baş nazir Netanyahu da 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi. Bundan başqa, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir. Əldə olunan məlumata əsasən, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb.

Maraqlıdır, Hersoqun gəlməməsinin əsl səbəbi nə ola bilər? Burada ABŞ-ın təzyiqi ola bilərmi? Türkiyə ona icazə verməli idimi?

Əli Orucov: “Gərək COP29-a görə güzəşt edəydi”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyənin icazə verməməsi səbəbindən səfərin baş tutmaması ola bilər: “Əvvəla, bu məsələ ilə bağlı birmənalı fikir söyləmək çətindir. Ancaq fakt ondan ibarətdir ki, Qəzzada baş verən qırğnlarla əlaqədar Türkiyə-İsrail münasibətləri kəskinləşib. Bu günlərdə Ərdoğan bəyan etdi ki, İsraillə bütün əlaqələr kəsilib. Bu səbəbdən ola bilər ki, Türkiyə İsrail prezidentinin təyyarəsinə icazə verməyib. Çünki İsrailin Aralıq dənizinə çıxışı olsa da, hava məkanında Şərqə doğru imkanları məhduddur. Ona görə ki, ərəb ölkələrinin əhatəsində yerləşir. Ərəb ölkələrinin əksəriyyəti ilə münasibətlər düşmənçilik səviyyəsindədir. İranla bağlı isə danışmağa dəyməz. Ona görə ki, hər şey məlumdur. Yəni İsrail prezidenti ərəb ölkələrinin hava məkanını keçməklə İran üzərindən Azərbaycana daxil ola bilməzdi. Geriyə qalır Türkiyədən keçməklə Gürcüstan və ya Ermənistan hava məkanını keçməklə Bakıya gəlmək. Yeri gəlmişkən, Türkiyə ilə Ermənistan arasında sərhədlər bağlı olsa da hava məkanı açıqdır. Bütün bunlara rəğmən, əgər İsrail prezidentinin Azərbaycana gəlməsi Türkiyənin icazə verməməsi üzündən baş tutmayıbsa, gərək Ankara Azərbaycana görə icazə verəydi. Yəni gərək COP29-a görə güzəşt edəydi”.

Ramil Hüseynov: “Görünür, bizə məlum olmayan səbəbdən İsrail prezidenti gələ bilməyib”

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov isə məsələyə fərqli prizmadan yanaşdı: “Düşünmürəm ki, Hersoqun səfəri Türkiyənin onun təyyarəsinə hava məkanı verməməsinə görə baş tutmayıb. Qardaş ölkə olan Türkiyə Azərbaycanda keçirilən tədbirlə bağlı niyə belə addım atsın ki? Çünki Türkiyənin də marağındadır ki, Azərbaycanda keçirilən BMT tədbirində daha çox dövlət başçısı iştirak etsin. Tədbir məhz Bakıda keçirildiyi üçün, fikrimcə, Türkiyə buna mane olmaz. Görünür, bizə məlum olmayan səbəbdən İsrail prezidenti gələ bilməyib. Bəlkə onlarda hansısa ciddi kəşfiyyat məlumatı olub və təhlükəsizlik səbəbindən gəlməyib”.

Vidadi ORDAHALLI





Seçilən
51
baki-xeber.com

1Mənbələr