AZ

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri böyük siyasi və mənəvi önəm daşıyır”



“Elmi-arxeoloji tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Həmçinin məlumdur ki, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə kiçik qalalar inşa edirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Təəssüflər olsun ki, 30 illik işğal dövründə Ağdamın əksər tarixi-mədəni abidələri də digər işğal altındakı ərazilərimizdə olduğu kimi, erməni vandalları tərəfindən dağıdılıb və talan edilib. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində Ağdamın məruz qoyulduğu dağıntılar və bu şəhərin yenidən dirçəlişi barədə öz fikirlərini səsləndirərkən demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu gün artıq təkcə Azərbaycan deyil, bütün dünya dövlət başçımızın dediklərinin necə reallaşdığının şahididir.”

Bu sözləri ölkəmizdə qeyd olunan 20 noyabr – Ağdam şəhəri Günü ilə bağlı aia.az-a fikirlərini paylaşan millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra millət vəkili ölkəmizin 30 il ərzində məruz qoyulduğu ikili standartlar siyaətindən bəhs edərək bunları deyib: “Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, 128 min insan məcburi köçkün həyatını yaşamaq məcburiyyətində qaldı. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. İlk baxışda Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Hətta 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə də “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələbi əks olunmuşdu. Lakin öz havadarlarına arxalanan Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. İşğalçı ölkə nəinki BMT Qətnamələrini icra etmədi, əksinə hətta Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Nə BMT, nə də heç bir digər səlahiyyətli beynəlxalq qurum Ermənistanın hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi niyyətlərinə qarşı çıxmadı. Nəhayət
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə növbəti erməni təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə bütün cəbhə xətti boyunca
əks hücuma keçdi. 44 gün davam edən II Qarabağ savaşı ölkəmizin tam və qəti qələbəsi ilə başa çatdı. Qeyd olunmalıdır ki, Azərbaycan bu müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Böyük siyasi və mənəvi önəm kəsb edən məqamlardan biri də cənab Prezident İlham Əliyevin Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri və bu məqsədlə atılan addımlarla bağlıdır. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.




Seçilən
31
1
aia.az

2Mənbələr