AZ

"Rusiya və Ukrayna arasında müharibənin yeni mərhələsi başlayacaq" -  SENSASİON AÇIQLAMA

“ABŞ prezidenti Cozef Bayden Ukraynanın Rusiyanın ərazilərinə zərbə endirmək üçün ATACMS və digər uzaq mənzilli raketlərdən istifadə etməsinə icazə verib. Bu qərar, Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıq və Moskvanın cəbhə xəttindəki irəliləyişini nəzərə alaraq qəbul edilib. Vaşinqtonun bu addımı, həmçinin ABŞ-ın Ukraynaya dəstəyi məsələsində dəyişikliklərə gedə biləcək Donald Trampın 2025-ci ildəki prezidentlik dövrünə qədər həlledici addım atmağa çalışdığını göstərir”
 
Bunu Moderator.az- a açıqlamasında siyasi şərhçi  Məhəmməd Əsədullazadə deyib.
 
Siyasi şərhçi qeyd edib ki, bu günlərdə, Rusiya cəbhə xəttində daha da irəliləyərək Ukraynanın strateji ərazilərini işğal etməkdə davam edir:
 
 “Bu irəliləyiş, Ukraynanın potensial məğlubiyyətinə gətirib çıxara bilər və ABŞ-ın Ukraynaya dəstəyini daha da artırmaq qərarına gəlməsinə səbəb olub. Rusiya tərəfi, ABŞ və Avropanın bu yeni silah yardımlarını və uzun mənzilli zərbələrə icazə verməsini "provokasiya" kimi qiymətləndirərək, Ukraynanın infrastrukturunu hədəf alacağını bəyan edib. Bundan əvvəl, Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi quraraq, müharibə hərbi həll yoluyla deyil, yalnız diplomatik yolla bitirilməsi mesajını göndərmişdi. Şolts, Ukraynaya yeni silah yardımlarının veriləcəyini və əks təqdirdə danışıqlar masasına oturulmazsa, daha sərt tədbirlər görüləcəyini açıqlamışdı. Ancaq Putin, bu təklifi rədd edərək, Ukraynaya raket və PUA (pilotun idarə etdiyi uçuş aparatları) zərbələri endirib. Bu, Rusiyanın danışıqlar masasına oturmaq istəmədiyinin açıq bir göstəricisidir”.
 
Məhəmməd Əsədullazdə vurğulayıb ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya artıq Ukraynaya qarşı yeni bir hərbi yardım planı üzrə konsensus əldə ediblər:
 
“Bu plan çərçivəsində, Ukraynaya verilən yeni silahlar və uzaq mənzilli raketlər vasitəsilə Rusiyanın dərinliklərinə zərbə endirmək mümkün olacaq. Bu qərarın məqsədi, Rusiyanın cəbhə xəttindəki irəliləyişini durdurmaq və müharibənin sonlanması üçün Moskvanı təzyiq altına almaqdır.Fransa prezidenti Emmanuel Makron, Putin və Rusiyanın müharibə əzmini davam etdirdiyini vurğulayaraq, Rusiyanın sülh istəyinin olmadığını və hərbi münaqişənin yalnız güc vasitəsilə həll oluna biləcəyini bildirdi. Bu da Qərb ölkələrinin daha sərt tədbirlərə keçməsinin zəruriliyini göstərir. Donald Trampın 2025-ci ildə Ağ Evə qayıtması ehtimalı, Ukraynadakı müharibə və ABŞ-ın Ukraynaya dəstəyi məsələsində dəyişikliklərə yol aça bilər. Trampın prezidentliyi dövründə, Ukraynaya verilən yardımların azalması və atəşkəsin bərpa edilməsi yönündə yeni yanaşmaların ortaya çıxması ehtimal olunur. Bu isə Qərb üçün ciddi bir sınaq olacaq, çünki Rusiya bu müddət ərzində daha da güclənə və müharibəni öz xeyrinə sonlandırmağa çalışa bilər”.
 
“Ukrayna ordusunun yaxın gələcəkdə yeni hücumlar başlatması mümkündür. Qərbin yeni silah yardımları və Rusiyanın dərinliklərinə zərbələrə icazə verməsi, Rusiyanın cəbhədəki hücumlarını zəiflətmək və Ukraynanın yeni strateji təşəbbüslərini dəstəkləmək məqsədi güdür. Həmçinin, Ukraynanın havadan müdafiə sistemlərinin gücləndirilməsi, Rusiyanın intensiv hava hücumlarının qarşısını almaq və Ukraynanın ərazilərini qorumaq məqsədini daşıyır.Görünən budur ki, Rusiya və Ukrayna arasında müharibə yeni mərhələyə qədəm qoyur. ABŞ, Böyük Britaniya, Fransa və Almaniya, Ukraynanın məğlubiyyətini qarşısını almaq və Rusiya ilə danışıqlara məcbur etmək üçün həlledici hərbi yardımlar təqdim edir. Bu, Moskvanın cəbhə xəttindəki irəliləyişinə dayaq olan yeni hərbi vasitələrin tətbiqi ilə mümkündür. Həmçinin, Avropa ölkələri bu yeni mərhələdə Trampın prezidentliyə gəlişinə qədər mümkün olan ən böyük hərbi və diplomatik irəliləyişi təmin etməyə çalışacaq”,-deyə siyasi ekspert bildirib.
 
Mehin Mehmanqızı
 
Seçilən
81
50
moderator.az

10Mənbələr