AZ

Ağdamda quruculuq-abadlıq işləri yüksək səviyyədə həyata keçirilir



Tarixi etimologiyamıza nəzər salsaq görərik ki, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə əsasən kiçik qalalar inşa edirdilər. “Ağdam” sözünün tarixi XVIII əsrin birinci yarısında yaşamış Qarabağlı Pənahəli xanla bağlıdır. Belə ki, Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmmiş və həmin imarət ətraf kəndlərin sakinləri üçün bir mərkəzə çevrilmişdir. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verir.

Ümumilikdə isə, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdan ibarətdir. Ağdam rayonu Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Bu ərazidə ilk qədim insanlar təxminən altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə sahib olmuşlar. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdam şəhəri 73 faizi 1993-cü ilin 23 iyul tarixində erməni qəsbkarları ilə aparılan və 42 gün davam edən döyüş nəticəsində işğal olundu. Həmin vaxt Ağdamın 882 kvadrat kilometr ərazisi, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş və nəticəsdə 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, rayonu əhalisi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnaməndə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayınmışdır. Bundan başqa, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Nəhayət, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilən “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir.

28 may 2021-ci il tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam şəhəri bərpa olunur. Şəhərin özündə salınan məhəllələrdə və bir neçə kəndlərində tikinti-inşa işləri həyata keçirilir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev əbəs yerə bildirməmişdir ki, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Prezident cənab İlham Əliyev 2020-ci ildən bu günə kimi dəfələrlə Ağdam şəhərinə səfərlər etmiş, təməlqoyma mərasimlərində və digər tədbirlərdə iştirak etmiş və bu şəhər və kəndlərdə bir neçə infrastruktur layihələrin reallaşdırılmasına öz tövsiyə və tapşırıqlarını vermişdir.

Pərvanə Vəliyeva, Milli Məclisin deputatı
Seçilən
36
newscenter.az

1Mənbələr