AZ

"Güzgüyə tez-tez baxmaq vərdiş halını ala bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Güzgüyə tez-tez baxmaq insanda asılılıq yarada, vərdiş halını ala bilər". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist, yaşam və ilişki koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, bir müddət sonra isə bu başqa problemlərə yol açacaq: "Belə ki, güzgüyə tez-tez baxan insan, xüsusilə qadınlar mütləq öz görkəmində nəsə qüsur axtarıb tapacaq. Bu isə əhvalına pis təsir edəcək və bu axtarışlar davam etdikcə öz xarici görünüşündən narazılıqlar da artacaq və sonda depressiyaya düşməklə, özünə qapanmaqla, ətrafdan təcrid olunmaqla nəticələnəcək. Son illərdə bəzi qadınlar xarici görkəmlərində heç bir problem olmadığı halda məhz bu “güzgü xəstəliyi” nəticəsində burunlarını kəsdirməklə, müxtəlif estetik əməliyyatlar etdirməklə özlərini daha da bərbad vəziyyətə salıblar. Bunlar hamısı güzgüyə həddən artıq çox baxmağın, güzgünü həyatın mərkəzinə qoymağın və özgüvənin az və yaxud heç olmamağının nəticəsidir.

Özgüvənli insan öz xarici görkəminə görə heç bir vaxt utanmır, narahatlıq hissi keçirmir, amma özgüvəni olmayan qadınlar nə qədər estetik əməliyyatlar etdirsələr də, yenə də öz görkəmlərindən narazı qalırlar. Ona görə də hər zaman bildiririk ki, estetik əməliyyata yalnız sağlamlıq üçün problem yaranırsa, məsələn, nəfəs almaqda çətinlik varsa, getmək lazımdır. Hər bir halda güzgüyə tez-tez baxan və özündən narazı qalan insanların psixoloji dəstək alması çox vacibdir".

Müəllif: Söylü Ağazadə
Seçilən
35
2
sia.az

3Mənbələr