AZ

“Mobil telefon uşaqlarda xərçəngyaradır” iddiası - həkimdən SOS!

Alimlər sübutların olmadığını deyir, amma...

Bakıda qalxanabənzər vəzin xərçənginə yoluxma halları sürətlə artıb. Bu barədə həkim-endokrinoloq Sadiq Bəbirov bildirib. O, uşaqlarda bu cür patologiyaların daha çox olduğuna diqqət çəkir. 

“Xəstəlik həndəsi silsilə ilə artmaqda davam edir. Mən hər həftə 20 yaşından kiçik ən az üç nəfər gənc insanı qalxanabənzər vəzin xərçəngindən əməliyyat edirəm. Təsəvvür edin ki, Azərbaycanda mənim kimi neçə cərrah xərçəngəbənzər vəzi əməliyyat edir. Biz analiz (anamnez) toplayırıq: ailələrdə xərçəng xəstəliyi olmayıb. Sorğu nəticəsində məlum olur ki, xəstələnən gənclər mobil telefonlardan çox istifadə edirlər”.

Həkim öz videomüraciətində valideynləri uşaqları mobil telefonların istifadəsindən uzaq tutmağa, uşaqlara telefon lazımdırsa, şüalanmaya qarşı qoruyucu vasitələrdən istifadə etməyə çağırır.

“Qalxanabənzər vəz şüalanmaya ən tez cavab verən orqandır, şüalanmaya cavab verən orqanda xərçəng xəstəliklərinin artması həddən artıq çox olur. Ona görə diqqətli olun”, - həkim qeyd edib.

Qalxanabənzər vəzin xərçəngi qalxanabənzər vəzin sağlam eptelial hüceyrələrinin degenerasiyasından və sonradan şiş əmələ gəlməsindən ibarət olan bədxassəli patologiyadır. Bu, nisbətən nadir xəstəliklərdən hesab olunur və ona bütün onkoloji patologiyaların cəmi 1,5%-də rast gəlinir. 

2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycan sakinlərinin 76,48%-i mobil telefonlardan istifadə edir.

Qeyd edək ki, mobil telefonların xərçəng yaratması ilə bağlı alimlər arasında ortaq fikir yoxdur. Araşdırmalar bu texnologiyanın müəyyən riskləri ola biləcəyini göstərsə də, birbaşa sübut yoxdur. 

Bununla belə, mobil telefonlar elektromaqnit dalğaları yayır. Bu dalğaların toxumalarda istilik təsirinə səbəb olduğu məlumdur. Həkimlər istiliyin hüceyrə səviyyəsində dəyişikliklərə səbəb ola biləcəyini qeyd edirlər. Bəzi tədqiqatçılar uzun müddət yüksək istifadənin beyin toxumalarına təsir göstərə biləcəyini irəli sürür. 

Mütəxəssislərin son araşdırmaları göstərir ki, mobil telefonların istifadəsi və xərçəng xəstəliyi arasında birbaşa əlaqə olduğuna dair elmi sübutlar yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının dəstəklədiyi genişmiqyaslı bir araşdırma, mobil telefonlardan yayılan qeyri-ionlaşdırıcı radiasiyanın (radio dalğaları) beyin xərçənginə və ya digər şişlərə səbəb olmadığı qənaətinə gəlib. Hətta çox uzun müddət telefon istifadə edən insanlarda belə bu riskin artırıldığı təsdiqlənməyib.

Digər tərəfdən, Harvard Tibb Məktəbindən alimlər də bu tip radiasiyanın insan orqanizminə ciddi təsir etmədiyini vurğulayıb. Onlar bildirir ki, mobil telefonların yaratdığı enerji səviyyəsi, DNA-nı zədələyərək xərçəngə səbəb ola biləcək ionlaşdırıcı radiasiya deyil.

Britaniyanın Mançester Universiteti və digər araşdırmalara görə, mobil telefondan istifadənin xərçənglə əlaqəsi haqqında hələ dəqiq nəticələr yoxdur. Alimlər xüsusilə uşaqlar üçün riskləri minimuma endirmək üçün telefondan uzaqda istifadəni, qulaqcıqlardan yararlanmağı və cihazı bədəndən uzaqda saxlamağı tövsiyə edirlər. Çünki texnologiyanın sürətlə inkişaf etdiyi və telefon modellərinin dəyişdiyi bir dövrdə mümkün təhlükələri azaltmaq üçün bu cür tədbirlər faydalı ola bilər. 

Yaxınlarda uzun illərdir telefon xərçəng, şiş yaradır fikrinə alimlər açıqlama veriblər. Son elmi tədqiqat 17 il davam edib. 250 min mobil telefon istifadəçisinin tibbi məlumatları toplanıb. Onların hətta gün boyu daha çox mobil telefon istifadə edənlərində də beyin şişi aşkarlanmayıb. London və İsveç alimləri cib telefonlarından yayılan elektromaqnit dalğaların beyin xərçəngi ilə heç bir əlaqəsi olmamasını sübut ediblər.

Azərbaycan

Bizimlə söhbətdə onkoloq Nəsimi Qasımov da deyib ki, mobil telefonun xərçəng yaratması barədə deyilənlər həqiqəti əks etdirmir: “Əvvəlki müsahibələrimdə də demişəm, mobil telefonların bədxassəli şişə aidiyyəti yoxdur. Düzdür, mobil telefonlar asılılıq yaradır, mərkəzi sinir sistemini məhv edir. İnsanları xəstəlikdən xilas etmək asandır, amma bu asılılıqdan yox”. 

Bununla belə, son dövrlər uşaqlar arasında xərçəng xəstəliyinin artmasının səbəbləri ilə bağlı narahatlıq var. Həkimlər uşaqlar arasında xərçəng xəstəliklərinin əsas səbəbi kimi genetik faktorları və xromosom dəyişikliklərini qeyd edirlər. Ətraf mühitin təsiri və valideynlərin qeyri-sağlam həyat tərzi də risk faktorları arasında göstərilir. Pediatrlar qeyri-sağlam qidalanma, hava çirkliliyi və kimyəvi maddələrin uşaqların sağlamlığına təsirini xüsusi vurğulayırlar. Xüsusilə hamiləlik dövründə zərərli maddələrə məruz qalmanın uşaqlarda şişlərin yaranmasına səbəb olduğunu bildirirlər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
38
20
musavat.com

10Mənbələr