AZ

Ekoloji böhran və yeni iş yerlərinin dəstəklənməsi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən “İqlimə Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüş”ün panel müzakirələri zamanı çıxış edib.

Bildirib ki, nazirliyin əsas prioritetlərindən biri işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olunmasıdır. Qurum bu istiqamətdə dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektoru əhatə edən geniş əməkdaşlıq şəbəkəsi yaradıb.

Nazir moderator Efrem Bayserin işçi qüvvəsinin əmək bazarının ehtiyaclarına uyğun bacarıqlara yiyələnməsi, habelə yaşıl bacarıqların inkişaf etdirilməsi sahəsində görülən işlərə dair suallarını cavablandıraraq deyib ki, hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar təklif edir. Bu sahədə təlim proqramları yaşıl iqtisadiyyata keçid üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək məqsədi daşıyır.

S.Babayev qeyd edib ki, əsas məqsəd əmək bazarının tələblərinə uyğun bacarıqlara malik işçi qüvvəsini inkişaf etdirmək, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını təşviq etməkdir. Eyni zamanda, aparıcı İKT və innovasiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində işçi qüvvəsinin yeni bacarıqlar qazanmaları üçün peşə hazırlığı proqramları təşkil edilir. Xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların məşğulluq imkanlarını asanlaşdırmaq üçün birgə layihələr də həyata keçirilir.

2021–2024-cü illər ərzində nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edildiyini bildirən nazir bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlığı, növbəti illərdə daha da genişləndiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, nazirlik yaşıl iqtisadiyyata keçidlə bağlı yaşıl iş yerlərinin yaradılması üzrə də bu tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. Yaşıl iqtisadiyyatın ehtiyaclarına uyğun bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi üçün peşə təhsili mərkəzlərinin genişləndirilməsi əsas istiqamətlərdən biridir.

Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar da təklif edir. Bu sahədə peşə təlimi proqramları Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır.

Z.HÜSEYN
XQ

Seçilən
22
xalqqazeti.az

1Mənbələr