AZ

Azərbaycan – Qazaxıstan “yaşıl” əməkdaşlığı

“Azərbaycan və Qazaxstan arasında ikitərəfli münasibətləri Qafqaz və Tütküstan regionları üzrə əməkdaşlıq daha da zənginləşdirir. Hər iki ölkənin rəhbərləri Mərkəzi Asiyada və Cənubi Qafqazda hərtərəfli inkişafı dəstəkləyir, sülh və sabitliyin qorunmasına çalışırlar. Qardaş ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-bininin mövqeyini fəal dəstəkləyir. Bugünlərdə Bakının evsahibliyi etdiyi COP29-da dövlətlərimiz bir yerdə olmağı bu çoxtərəfli tərəfdaşlığın növbəti parlaq təzahürüdür”.

Bu barədə XQ-yə onlayn açıqlama verən Qazaxıstan Əl Fərabi Universitetinin dosenti Bakıtqul Kuljanova Bakı konfransın regional əməkdaşlıq və geosiyasi əhəmiyyətini vurğuladı:

– Dövlətlərimiz COP29 kimi qlobal ekoloji tədbirlərdə birgə iştirak etməklə, həm regional inteqrasiyasını möhkəmləndirir, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizəyə daha təsirli dəstək verir. Bu əməkdaşlıq yalnız Türk dünyasının ətraf mühit və ekosistemlərini qorumağa deyil, həm də ölkələrimizin beynəlxalq arenada ekoloji məsələlərə verdikləri önəmi nümayiş etdirmək üçün bir fürsətdir.

Gələcəkdə belə tədbirlər təkcə Azərbaycan və Qazaxstanın deyil, həm də Türk dövlətlərinin əməkdaşlığının və eyni zamanda, ətraf mühitin qorunmasında daha güclü bir iradə ortaya qoymalarına imkan yaradacaq. Azərbaycan və Qazaxıstan hər iki ölkə üçün strateji önəm kəsb edən regional təhlükəsizlik məsələlərində müştərək mövqedən çıxış edirlər, regional sabitlik üçün birgə addımlar atırlar.

– COP29-un bu münasibətlərə töhfəsini nədə görürsünüz?

– Türk dünyası ölkələrinin enerji istehsalı və sərvətlərin idarə edilməsi sahəsində əhəmiyyətli potensialı var. COP29 bu dövlətlərin də yaşıl iqtisadiyyatın inkişafı, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və karbon emissiyalarının azaldılması kimi məsələlərdə birgə əməkdaşlığı üçün beynəlxalq platformadır. Burada Azərbaycan və Qazaxstanın fəal və önəmli mövqeyi diqqətçəkəndir.

Azərbaycan və Qazaxıstan enerji sahəsində zəngin təbii resursları olan ölkələrdir. Bu, onlara həm böyük bir iqtisadi potensial, həm də iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynamaq imkanı verir. Hər iki ölkənin karbon emissiyalarını azaldarkən hədəfi bərpa olunan enerji sahəsində irəliləyiş əldə etməkdir. Azərbaycan və Qazaxıstan, bu sahədə müsbət addımlar atmağı və regional əməkdaşlıq yolu ilə bu istiqamətdə irəliləyiş əldə etməyi hədəfləyirlər.

Azərbaycan neft və qaz sektorunun aparıcı olduğu iqtisadiyyatını diversifikasiya etmək üçün bir sıra yaşıl təşəbbüs irəli sürüb. Bu addımlar təbiətin qorunmasına, təmiz texnologiyaların tətbiqinə və enerji səmərəliyinin artırılmasına yönəlmişdir. Bərpaolunan enerji sahəsində, xüsusilə günəş və külək mənbəyindən istifadəni artırmaq yönündə ölkənizdə ciddi işlər aparılır. “Yaşıl iqtisadiyyat” və “yaşıl maliyyə” sahəsində beynəlxalq tərəfdaşlıqlara böyük önəm verilir.

Qazaxıstan da bərpaolunan enerji və yaşıl iqtisadiyyatın inkişafını əsas hədəf olaraq müəyyən edib. 2050-ci ilə qədər Qazaxıstanın ümumi enerji istehsalında bərpaolunan gücün payını artırmaq niyyətindədir. Bu çərçivədə külək və günəş enerjisinin istifadəsinin genişləndirilməsi məqsədilə bir çox layihələr həyata keçirilir. Dövlət "yaşıl" infrastrukturun yaradılması və karbon azaldılması ilə bağlı siyasətlərini daha da gücləndirir.

– Şübhəsiz, bu yaxınlarda qəbul edilmiş ortaq əlifba xalqıarımızın birgə hədəflər uğrunda səylərinə əlavə impuls verəcək, çoxtərəfli ünsiyyəti asanlaşdıracaq.

– Türk xalqlarının bir-birilərinə yaxınlaşması ortaq tarix və mədəniyyətə dayaqlanan bir prosesdir. Ortaq türk əlifbasının yaradılması yalnız iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək deyil, eyni zamanda, bütün Türk dünyasının birliyininə yeni məna gətirən ortaqlıq timsalıdır.

Türk xalqlarının böyük bir qisminin istifadə etdiyi latın əlifbasına keçid daha bir toparlayıcı, yaxınlaşdırıcı amil olaraq çıxış etdi. Azərbaycan və Qazaxıstan Sovet İttifaqının dağılmasından sonra öz müstəqilliklərini bərpa edərək latın əlifbasına keçməyi qərarlaşdırdılar. Bu qərar türk xalqları arasında ortaq ünsiyyət imkanları və mədəni zənginləşmə üçün ümumi platforma yaratmaq məqsədi daşıyır.

Azərbaycan və Qazaxıstan ortaq türk əlifbasına yalnız dil məsələsində deyil, həm də ümumi mədəniyyət, tarix və inkişaf sahəsində əməkdaşlığı daha da möhkəmləndirməkdə hədəf və stimul kimi baxır. COP29 beynəlxalq əməkdaşlığı bu prosesə əlavə dəstək qazandıran yeni mərhələ açır. Azərbaycan – Qazaxıstan “yaşıl” əməkdaşlığı ölkələrimizi daha da yaxınlaşdırır.

– Müsahibə üçün təşəkkür edirik.

Namiq QƏDİMOĞLU
XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr