AZ

Çoban, salamat qal, dağ, salamat qal...

Goranboyda “Qışlaqda bir gün” şənliyindən fotoreportaj

Gözəl, yaddaqalan, hamının ürəyindən xəbər verən bir tədbir idi...

Etiraf edək, biz bəzən elə peşə sahiblərini unuduruq ki, halbuki hər addımda onların əlinin zəhmətini hiss edirik, bişirdiyi çörəyin dadı damağımızdan getmir, pendirin yaxşısını fətirin arasına qoyub yeməyi xoşlayırıq, qaymağı bala qatırıq, göy kətəsinini sevirik, amma o adamları tanımırıq, üzlərini bir dəfə də olsun görməmişik, salam verməmişik. Hələ çoban yeməkləri olan qovurma, xaşıl, südlü aş, əvəlik supu, yaymanı demirəm. Çoxumuz hələ də kirkirə ilə un hazırlanmasını, yundan ip düzəldilməsini, arı yeşiklərini, cəhrə əyirmə və xalça toxunması, uşaqyürgəyi-nənni, at nalının və at yəhərinin hazırlanmasını heç vaxt görməmişik.

Amma... Bu şənbə Goranboy Rayon İcra Hakimiyyəti Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəliyi ilə birlikdə hazırladığı tədbirlə bunların hamısını əyani şəkildə göstərdi...

Səhər saat 10-dur. Minlərlə Goranboy sakini və qonaqlar rayonun Yeniyol deyilən ərazisinə gəlib, “Qışlaqda bir gün” tədbirinə toplaşıb. Bura daimi qışlaq sahəsidir. Daha dəqiq desək, qışlaqda fəaliyyət göstərən heyvandarlıq təsərrüfatındayıq.

Burada kənd təsərrüfatı sərgisi, milli kulinariya nümunələri, o cümlədən, südün bişirilməsi və süd məhsulları, motal, pendir, qatıq, süzmə, şor, kəsmik, qaymaq, xama, çiyə, atlama, nəhrənin çalxalanması-yağın alınması, təndirin çörəyi, kətə və yuxanın bişirilməsi, müxtəlif növ dağ çiçəkləri, bal, mürəbbələr və meyvə şirələri, hətta fermada saxlanılan heyvanlar və atlar nümayiş etdirilir, onların yarışı keçirilir.

Gəncə Dövlət Filarmoniyasının və rayon mədəniyyət evlərinin incəsənət ustalarının ifalarında musiqilər səslənir. Yarışa qoşulan atların kişnərtisi, cəngi sədaları altında qol götürüb oynayanların, yallı gedənlərin səsinə qarışır...

Budur, çomağına söykənib qarşılarındakı qoyun-quzu sürülərinə qayğı, həvəslə tamaşa edən, başına ağappaq saçaqlı quzu dərisindən papaq qoymuş iki çobanla həmsöhbət oluruq. Biri yaşlıdır, digəri cavan. Sir-sifətlərində dağın havasınun gətirdiyi al-qırmızı, qəribə bir xoş rəng var. Bir-birlərinə baxıb gülümsəyirlər. Hiss olunur ki, adamların onları yada saldıqlarından, qışlağa qonaq gəldiklərindən, hal-əhval tutduqlarından çox razıdırlar.

Cavan çoban deyir ki, insanlardan daha çox qoyun-quzu ilə təmasda oluruq. Onların yerişindən də hiss edirik ki, vəziyyəti necədir, ağrımır ki, bu dəfə nə qədər süd verəcək, neçə bala doğacaq...

– İlin 8-9 ayını biz buralarda keçiririk, – deyə yaşlı çoban sanki cavan çobanın sözlərinə qüvvət verir, onu da bilməsək, biz nə çobanıq? Qışlaqda geniş örüşlərdə heyvanların otarılması qaydasına xüsusi fikir veririk. Əvvəlcə yataqlardan xeyli aralı yerlər qaydaya salınır ki, qış boyu heyvanların otarılmasına imkan olsun, qışda heyvan örüşsüz qalmasın. Sürülər yataq damlarından xeyli aralıda yerləşən otlaqlarda otarılır...

Çobanlardan ayrılıb öz əl işlərini, hazırladıqları məhsulları nümayiş etdirənlərə yaxınlaşırıq. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bütün pavilyonların qarşısında dayanır, nemətlərdən dadır, xoş sözlər deyir...

–Bilirsiniz, bu yerlər uzun illər belə qələbəlik, çal-çağır görməyib. Goranboy, o cümlədən bu Yeniyol kəndi 4 il qabağa kimi, necə deyərlər, başını belə qaldıra bimirdi, kəndə mərmilər yağdırılırdı, örüş sahələri müntəzəm atəşə tutulurdu... Biz buna görə Prezidentimizə, Ali Baş Komandanımıza – cənab İlham Əliyevə, ordumuza hədsiz minnətdarıq ki, bu günləri bizə qismət elədi. Belə tədbirləri hər il keçirmək niyyətindəyik. Hətta turizm marşrutlarına qışlaqları əlavə etmək fikrimiz var. Qoy xarici qonaqlar xalqımızın adət-ənənələrini görsün, öyrənsin, nemətlərimizlə tanış olsun...

Məhərrəm müəllim bu sözləri söyləyib göyə baxdı, qara buludları göstərib “yağmasa yaxşıdır”, – dedi. Hardasa lap yaxında bir aşığın səsi gəldi:

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən,
Çoban, salamat qal, dağ, salamat qal.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Goranboy

Seçilən
18
xalqqazeti.az

1Mənbələr