AZ

Mükəmməl hüquqi sənəd



1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikada siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ümummilli Lider xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçilik tariximizin ən şərəfli səhifələrini yazdı. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə tezliklə bərpa edilmiş qanunçuluq və hüquq qaydası bərpa edildi. Bununla da Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şərait yaranmış oldu.

Qeyd edək ki, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci ildə və son Konstitusiya 1978-ci ildə qəbul olunmuşdu. Təbii ki, bu konstitusiyalar tamamilə SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı və bu səbəbdən də Azərbaycan xalqının milli mənafeylərinə qətiyyən xidmət edə bilməzdi. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin imzaladığı 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Həmçinin əsas Qanun ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Yeni Konstitusiya humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı.

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Konstitusiya gününü də əsl bayram əhval-ruhiyəsində qeyd edir. Bunun da səbəbi əlbəttə ki, Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərimizdir. 2003-ildən sonra ordu quruculuğu prosesini daha yüksək mərhələyə keçirərək uğurla davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qısa müddət ərzində müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli Azərbaycan Ordusunu yaratdı. Məhz bu rəşadətli ordu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində Qarabağda Zəfər bayrağımızı qaldırdı. Bu möhtəşəm tarixi Qələbə Heydər Əliyev siyasi kursunun əzəmətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Seçilən
9
2
aia.az

3Mənbələr