Uğurlu biznes qurmaq istəyən sahibkarlar üçün şəxsi brendin formalaşdırılması artıq lüks deyil, zərurətə çevrilib. Biznes sahibinin şəxsi brendi onun işgüzar nüfuzunun və imicinin formalaşdırılması prosesidir. Amma şəxsi brendin necə yaradılmalı olduğunu bilmək hər kəs üçün aydın olmaya bilər.
Yəni biznesin sahibi öz brendinin üzərində necə işləməlidir ki, özü də bir brend kimi formalaşsın?
Valyuta.az-a danışan PR meneceri Aida Ramiz bildirib ki, şəxsi brendinq təkcə bir söz birləşməsi deyil, biznes mühitində peşəkarlar üçün strateji əhəmiyyət daşıyan vacib alətdir:
“Dünya, nəyi danışdığımıza deyil, nəyi həyata keçirdiyimizə diqqət yetirir. Elə bir dövrdə yaşayırıq ki, hər saniyə bizim üçün dəyərlidir, çünki rəqiblərimiz hər keçən gün artır. Şəxsi brendinq vasitəsilə daha çox nailiyyət əldə edə, karyera yolumuzu daha aydın şəkildə görə bilərik. Güclü şəxsi brend karyera üçün çox böyük təsir göstərə, yeni imkanlar yarada və dəyərli əlaqələr qurmağa kömək edə bilər. Yaxşı qurulmuş şəxsi brend insanı daha etibarlı edir. Edelman Trust Barometer tərəfindən aparılan araşdırmalara görə, insanlar daha çox tanıdıqları, bəyəndikləri və güvəndikləri şəxslərə inanırlar. Bu səbəbdən, şəxsi brendinizi gücləndirməklə, öz sahənizdə mütəxəssis kimi tanınma şansı əldə edirsiniz. Bu isə danışıqlar, yeni imkanlar və hətta investisiya sövdələşmələri üçün qapılar açır. Güclü şəxsi brend karyera inkişafını sürətləndirmək üçün də əvəzolunmaz bir vasitədir”.
A.Ramiz qeyd edib ki, şəxsi brendinq yaratmaq üçün ilk növbədə özünüzü tanımalı və hərtərəfli analiz etməlisiniz:
“Bunun üçün özünüzün SWOT analizini (güclü tərəflər, zəif tərəflər, imkanlar və təhdidlər) aparmaq vacibdir. Öz keçmişinizi — uşaqlıqdan indiyə qədərki təcrübələrinizi, bacarıqlarınızı və həyatınızda sizi formalaşdıran hadisələri diqqətlə xatırlamaq və analiz etmək, sizi daha yaxşı anlamağa kömək edəcək. Özünüz haqqında nə qədər çox məlumata sahibsinizsə, brendinqiniz də bir o qədər güclü olar. Dəyərlərinizi, bacarıqlarınızı çatdıracaq fəlsəfənizi, sizi digərlərdən fərqləndirən bilik və üstünlərinizi bilməlisiniz. Siz kimə çatmaq istəyirsiniz? Hədəf kütləniz kimdir? Nəyə nail olmaq istəyirsiniz? Hədəf kütlənizə mesajınız nə olacaq? - kimi suallara aydınlıq gətirmək lazımdır. Bütün bu suallara cavab tapmaqla, öz brend fəlsəfənizi müəyyənləşdirə və cəmiyyətə hansı töhfəni verdiyinizi konkretləşdirə bilərsiniz. Bu yanaşma sizi həm peşəkar, həm də şəxsi sahədə unikal və diqqətçəkən edəcək”.
PR menecerinin sözlərinə görə, şəxsi brendinq yalnız fərdi keyfiyyətlərdən ibarət deyil:
“Bir sahibkar kimi güclü şəbəkələşmə qabiliyyətinə malik olmaq, sahənizlə bağlı tədbir və görüşlərdə aktiv iştirak etmək də vacibdir. Bununla yanaşı, yaxşı nitq qabiliyyətinə malik olmaq, insanlarla təsirli kommunikasiya qurmaq imkanı yaradır. Bundan əlavə, şəxsi brendinizdə emosional bağ yaratmaq böyük əhəmiyyət daşıyır. İnsanlar emosionallığa və səmimiyyətə daha çox bağlıdırlar. Ona görə də, insanlarla dərin, orijinal və səmimi əlaqələr qurmağa çalışmalısınız. Bu, sizi yalnız bir marka kimi deyil, həm də bir şəxsiyyət olaraq daha etibarlı və yaxın edəcək.
Sosial media platformalarında aktiv olmaq da şəxsi brendinqin vacib hissəsidir. Linkedin tərəfindən aparılan bir sorğu göstərir ki, işəgötürənlərin 87%-i namizədləri sosial media profilləri vasitəsilə yoxlayır. Bu da şəxsi brendinqin müasir dövrdə peşəkar həyat üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir”.
A.Ramiz brendinqin yalnız sosial mediada tədbir şəkilləri paylaşmaq və bir neçə platformada aktiv olmaqla məhdudlaşmadığı mövzusuna da toxunub:
“Bu proses həm ənənəvi, həm də rəqəmsal alətlərdən istifadənin düzgün və balanslı şəkildə həyata keçirilməsini tələb edir. Müvafiq olaraq, televiziyada, radioda çıxış etmək, müsahibələr vermək, podkastlarda iştirak etmək, konfranslara qatılmaq, sosial mediada faydalı və maraqlı paylaşımlar etmək, həmçinin tədbirlərdə spiker olaraq çıxış etmək kimi addımlar atılmalıdır. Əsas məsələ bu fəaliyyəti sistemli və məqsədyönlü şəkildə təşkil etməkdir. Şəxsi brendinq səbr və davamlılıq tələb edir. Qısamüddətli məşhurluq arxasında dayanıqlı bir baza yaratmır və uzunmüddətli nəticələrə gətirib çıxarmır. Buna görə də, şəxsi brendinq prosesində hər addımı düşünülmüş şəkildə atmaq və məqsədlərə doğru davamlı şəkildə irəliləmək şərtdir”.
Maya Hüseynova