İraq Türkmən Cəbhəsi (İTC) Kərkük millət vəkili və İraq Parlamenti Türkmənlər Qrupunun sədri Ərşat Salihi PKK terror təşkilatı üzvlərinin yerləşdiyi Mahmur düşərgəsindən Kərkükə insanların köçürüldüyünü açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Ərşat Salihi 20-21 noyabrda keçiriləcək əhalinin ümumi siyahıyaalınmasının Kərkükə və türkmənlərə təsiri ilə bağlı mühüm açıqlamalar verərkən deyib ki, Mahmurdan gətirilən PKK-lılar müəyyən narahatlıq yaradır. Bu vəziyyətin təhlükəsizliklə bağlı olduğunu bildirən Salihi, Mahmur düşərgəsindən hər gün orta hesabla 50-100 adamın Kərkükə gətirildiyini vurğulayıb.
Sözügedən siyahıyaalmanın İraqda türkmənlərin varlığı üçün əhəmiyyətli olduğunu bildirən Salihi, 140-cı maddə əsasında aparılacaq siyahıyaalmanı qəbul etmədiklərini və bu məsələni baş nazir Məhəmməd Şiya əl-Sudani ilə paylaşdıqlarını qeyd edib. Kərkükün 2003-cü ildən əvvəl və sonra demoqrafik dəyişikliklərə məruz qaldığını bildirən Salihi bu prosesin terror təşkilatı İŞİD-dən sonra da davam etdiyinə diqqət çəkib.
“Mahmur düşərgəsindən olan naməlum şəxslərin bu yaxınlarda Kərkükdə məskunlaşması şübhəlidir”, - deyən Salihi, onların arxasında duran səbəbin sorğu-sual edilməli olduğunu bildirib. O əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının razılığı ilə gətirilən bu şəxslərin məskunlaşması qanunsuzdur və Kərkükdəki vəziyyət ciddi narahatlıq yaradır.
“Biz 1957-ci ildə İraqda aparılan siyahıyaalmanı real və müsbət siyahıyaalma kimi qəbul edirik. 1957-ci ildən sonra aparılan siyahıyaalmalar siyasi idi və Kərkükü türk şəhəri olmaqdan uzaqlaşdırdı və həmin siyahıyaalmalar bizim üçün keçərli deyil" deyən Salihi hökuməti və müvafiq qurumları Mahmur düşərgəsindən şəhərə köçürülənlərlə bağlı tədbir görməyə çağırıb.
Konstitusiyanın müvafiq maddəsi Kərkükün və digər mübahisəli bölgələrin statusu ilə bağlı üç mərhələli prosesi nəzərdə tutur. Bu prosesə demoqrafik dəyişiklikləri normallaşdırmaq, siyahıyaalma aparmaq və nəticədə bu bölgələrin mərkəzi hökumət və ya İraq Kürd Regional Rəhbərliyi (KRG) ilə əlaqələndirilməsi üçün referendumun keçirilməsi daxildir. Bununla belə, qanunun hüquqi qüvvəsi ilə bağlı mübahisələr davam edir.