Beynəlxalq hüquq müdafiə təşkilatları və yazıçılar Assosiasiyası BMT-nin İnsan Hüquqları üzrə Şurasına Nobel sülh mükafatı laureatı, İranda həbsdə olan məhbus Nərgiz Məhəmmədinin azadlığa buraxılması ilə bağlı müraciət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “İran İnternational” yayıb.
Müraciət müəllifləri N.Məhəmmədinin saxlanılma şəraitinin ağırlığını və onun tibbi yardıma ehtiyacı olduğunu da vurğulayıblar.
Məlumata görə, yaxın iki ayda İsveçrənin Cenevrə şəhərində İranda insan hüquqlarının vəziyyətini nəzərdən keçirmək üçün növbəti toplantı keçiriləcək. Müraciət müəllifləri toplantıda xanım Məhəmmədi ilə bağlı məsələnin də müzakirəyə çıxarılmasının, səhhəti pisləşdiyi üçün ona humanitar məqsədlə məzuniyyət verilməsinin vacibliyini vurğulayıblar.
Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. O hazırda "İran əleyhinə təbliğat aparmaqda” ittiham olunaraq bir il müddətinə azadlıqdan məhrum edilib.
Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
Qeyd edək ki, N.Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, fəaliyyəti dövründə ümumilikdə 16 il müddətinə azadlıqdan məhrum edilib.
N.Məhəmmədi 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı”, 2023-cü ilin yanvarında isə Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı ilə təltif edilib.