ABŞ-ın texnologiya nəhəngi “Microsoft” təkcə Avropada deyil, həm də öz ölkəsi Amerikada rəqabət qanunu araşdırmaları ilə üzləşir.

İndex.az xəbər verir ki, iddialara görə, şirkət ABŞ hökumətinə pulsuz xidmətlər təklif etməklə rəqiblərini sıradan çıxarmağa və hökumətlə əlaqələrini gücləndirməyə çalışır.

“ProPublica” tərəfindən dərc edilən hesabata görə, “Microsoft” 2021-ci ildə Ağ Evdə keçirilən sammitdə ABŞ federal hökumətinə ümumi dəyəri 1,5 milyard dollar olan bir sıra kibertəhlükəsizlik xidmətləri təqdim etməyi öhdəsinə götürüb.

“Ağ Evin Təklifi” kimi tanınan proqram dövlət qurumlarına “Microsoft 365” “Government G5”  təhlükəsizlik paketinə giriş imkanı verir. G5 paketi təhlükəsizlik və uyğunluq funksiyaları ilə məşhurdur və G3 versiyasından 60% bahadır.

Hesabatda iddia olunur ki, “Microsoft” bu təklif sayəsində dövlət qurumlarının “Microsoft” xidmətlərindən asılılığını artırıb. İddialara görə, bu yolla şirkət “Amazon Web Services” (AWS) kimi əsas rəqibləri üzərində üstünlük əldə edir.