AZ

Elşad Əsgərov: “WWF tərəfindən Azərbaycanda iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində bir çox layihələr həyata keçirilir”

Elşad
“COP29 çərçivəsində qəbul ediləcək sazişlər və qərarlar iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması məqsədinə xidmət etməlidir”. Bunu COP29 çərçivəsində 1news.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.
O, bildirib ki, iqlim dəyişikliyi biomüxtəlifliyə birbaşa təsir göstərir”. “İqlim dəyişikliyi nəticəsində heyvan və bitki növlərinin arealları dəyişir; quru sahələrdə yaşayan heyvanların arealı genişlənəcək, çünki səhralaşma gedəcək, rütubətli yerlərdə yaşayan növlər isə məcburən digər sahələrə köçmək məcburiyyətində qala bilər. Bəzi heyvanların isə artıq köçmək üçün yer tapması mümkünsüzdür. Məsələn, dağlarda yaşayan növlər yüksəklik çatışmazlığı səbəbindən daha da yuxarı qalxa bilmədikləri üçün yaşamaq imkanlarını itirirlər. Şimal bölgələrindəki heyvanlar isə, istiləşmə ilə əlaqədar şimala köçməyə çalışır, lakin orada yaşayan növlər üçün artıq yer məhdudlaşır. Ən böyük problem isə ağ ayılar kimi növlər üçün yaşanır. Şimal bölgələrinin əriməsi və daralması ilə onlar üçün yaşayış sahəsi azalır. Areallar dəyişdikcə, xüsusi mühafizə olunan təbiət əraziləri, qoruqlar və milli parklar da təhlükə altına düşür. Mövcud qorunan ərazilər müəyyən səviyyədə biomüxtəlifliyi qoruyur, lakin iqlim dəyişikliyi səbəbindən areallar dəyişdikcə növlər bu qoruqlardan xaric olacaq və yeni ərazilərin qorunması zərurəti yaranacaq. Lakin yeni qoruq yaratmaq asan deyil, çünki torpağın kənd təsərrüfatı və iqtisadi fəaliyyətlər üçün istifadədən çıxarılması zərurəti yaranır və bu da qida təhlükəsizliyi ilə bağlı problemlərə səbəb ola bilər. Alimlər hesablayıb ki, qlobal istiləşmə 1,5 dərəcədən yuxarı qalxsa, problemlər qaçılmaz olacaq. Hazırda biz bu ərəfədəyik və qlobal səylər bu həddi aşmamaq üçün intensivləşməlidir. Əgər alınacaq qərarlar bu həddi aşmamağa imkan versə, vəziyyəti idarə etmək daha asan olacaq. Lakin həddi keçdikdən sonra həm biomüxtəlifliyi, həm də insanların qida təhlükəsizliyini və həyat şəraitini qorumaq üçün daha ciddi tədbirlər lazım gələcək. Təbii fəlakətlər, meşə yanğınları, səhralaşma və su çatışmazlığı kimi problemlər insanların həyatına birbaşa təsir edir və bu problemlər təkcə biomüxtəlifliklə məhdudlaşmır”. O, bildiirib ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycanda iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində bir çox layihələr həyata keçirilir. “Məsələn, meşələrin bərpası üzrə iki böyük layihə icra edilib. Bu layihələr çərçivəsində yüzlərlə hektar ərazidə meşələr bərpa olunub. Meşələr atmosferdən karbonu udmaqla iqlim dəyişməsini yumşaltmağa kömək edir. Bundan əlavə, heyvanların və növlərin ekosistemlərdə bərpası və köçürülməsi həyata keçirilir. Məsələn, ceyran Şirvan Milli Parkından bəzi növlərin digər yerlərə köçürülməsi, ekosistemlərin dayanıqlığını artırmaq məqsədini daşıyır. Çünki növlərin sayı artdıqca, ekosistem daha dayanıqlı olur və iqlim dəyişikliyi təsirlərinə daha dözümlü hala gəlir.

Azərbaycanda biomüxtəlifliyin qorunması və ekosistemlərin zənginliyinin təmin edilməsi istiqamətində bu kimi addımlar davamlı bir ekosistem yaratmaq üçün vacibdir. İqlim dəyişikliyi ilə mübarizədə davamlılıq, həm ekosistemlərin qorunmasını, həm də insanların təhlükəsizliyini təmin etməyə yönəlib”.

Seçilən
6
1
1news.az

2Mənbələr