AZ

Rio-konvensiyalar: “Yaşıl” qrup qlobal həmrəyliyin, ümumi məsuliyyətin və təxirəsalınmaz kollektiv fəaliyyətin əsas prinsiplərinə sadiqdir

Bu il mühüm məqamla  –  tərəflərin üçlü konfransı (COP)  ilə yadda qalır. Üç Rio-Konvensiya - bioloji müxtəliflik, iqlim dəyişikliyi və səhralaşmaya qarşı mübarizə çərçivəsində Tərəflər konfransları ardıcıl aylarda keçirilir. Kolumbiyada bioloji müxtəliflik haqqında Konvensiyanın (CBD COP 16) Tərəflər Konfransı artıq başa çatıb, dünya noyabrda Azərbaycanda BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına  (UNFCCC COP 29) və dekabrda Səudiyyə Ərəbistanında BMT-nin səhralaşmaya qarşı mübarizə Konvensiyasının (UNCCD COP 16) Tərəflər Konfransına hazırlaşır.

Bu üç konfrans cari üçlü planetar böhranın bir-birilə əlaqəli elementlərinin - bioloji müxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi -  həllinə kömək edən mühüm forumlardır. Bu problemlər planetə ciddi ziyan vurur və əgər həll yolları tapılmasa və hələ də xilas edilməsi mümkün olan şeyləri xilas etmək üçün təcili və koordinasiyalı tədbirlər görülməsə, yaxın onilliklərdə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirməklə təhdid edir.

Fəaliyyətlər elm və beynəlxalq əməkdaşlığı əhatə edən sektorlararası yanaşma vasitəsilə beynəlxalq səviyyədə koordinasiya olunmalıdır. Bu, “Yaşıl” qrupun 2009-cu ildən irəli sürdüyü əsas prinsipdir və planetin ən aktual ekoloji problemlərinin həlli üçün zəruri olan kollektiv fəaliyyətin təşviqində xarici siyasətin əhəmiyyətini önə çəkir. Bu konfransların yekunları ekosistemlərin qorunmasının və sonrakı nəsillər üçün davamlı gələcəyin təminatının lobal trayektoriyanı müəyyənləşdirəcək.

Rio-konvensiyaların razılaşdırılmış cədvəli müxtəlif sektorlardan və regionlardan müxtəlif maraqlı iştirakçıları bir araya gətirərək  vahid və əhəmiyyətli  qlobal ekoloji gündəm formalaşdırmaq üçün unikal imkan yaradır. Bu həmçinin müxtəlif ekosistemlərin və icmaların unikal ehtiyaclarına uyğunlaşdırılmış biliklər, resurslar, strategiya və innovativ həllərin mübadiləsinə xidmət edir. Hökumətlərin, biznesin, vətəndaş cəmiyyətinin, yerli xalqların və elmi icmaların səylərini birləşdirən konfranslar qlobal koordinasiyanı möhkəmləndirir və eyni zamanda planetdə mühüm sosial və siyasi nəticələrə səbəb olan ən kəskin ekoloji problemləri həll etmək üçün daha effektiv  uzunmüddətli həll yollarını təşviq edir. Bu vacib məqamda əlaqədar tərəflər qəbul edilən siyasi qərarların və hərəkətlərin ümumi planetar çağırışların həllində vaxtında və hərtərəfli olmasını təmin etməlidirlər.

Bu çağırışlar milli sərhədləri aşdığına görə Yaşıl qrupun nazirləri hesab edirlər ki, onları həlli üçün istənilən ayrı ölkənin imkanlarından üstün olan kollektiv qlobal səy tələb olunur. Əməkdaşlığa zərurət ekoloji problemlərlə sülh və təhlükəsizlik məsələləri arasındakı açıq əlaqə ilə də özünü bəlli edir. İqlim dəyişikliyi resurs çatışmazlığını daha da ağırlaşdırdığına, ekstremal hava şəraitinə  səbəb olduğuna, icmaların yerini dəyişdirdiyinə və su, torpaq və qida kimi həyat əhəmiyyətli resurslar səbəbindən münaqişələr  riskini artırdığına görə mövcud bərabərsizliyi gücləndirir və sosial davamlılığı zəiflədir. Su kimi vacib resurslar tez-tez milli sərhədləri aşdığına görə hər kəs üçün ədalətli və bərabər çatımlılıq imkanlarının təmin edilməsi üçün onların idarə olunmasına sərhədyanı yanaşmanın qəbulu vacibdir.

Su resurslarının təhlükəsizliyi qida sistemləri, təbiət, biomüxtəliflik və energetika  ilə mühüm əlaqə yaradaraq davamlı inkişafın mərkəzi elementinə çevrilir. Qlobal iqlim təzyiqi artdıqca innovativ həllərə və su resurslarının idarə olunmasında mühüm investisiyalara ehtiyac birinci dərəcəli məsələyə çevrilir. Su ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi gələcək COP konfranslarının gündəliyinin mərkəzində olmalı, davamlılığın artırılmasında, ekosistemlərin qorunmasında və gələcək nəsillər üçün qida təhlükəsizliyinin təmin edilməsində onun mühüm rolu vurğulanmalıdır. Bu kontekstdə 2025-ci ildə Kosta- Rika və Fransa tərəfindən birgə keçiriləcək BMT okeanlar konfransını və 2026-cı ildə BƏƏ və Seneqalın təşkil edəcəyi BMT su resursları konfransını alqışlayırıq ki, bu da DİM6 və DİM14-ə çatmağı sürətləndirmək üçün vacib olacaq, okeanlardan və onların resurslarından davamlı istifadəni, eləcə də suyun davamlı idarə olunmasını və hamı üçün əlcatan olmasını təmin etmək üçün mühüm komponentlər kimi okean, iqlim və inteqrasiya olunmuş su tsikli arasında əlaqəni önə çəkərək qlobal iqlim dayanıqlığına xidmət edəcək.

Resursların effektiv transsərhəd idarə olunması ekoloji çatışmazlıqları azaltmağa kömək edir və münaqişə riskini azaldaraq ölkələr arasında əməkdaşlığa xidmət edir. Koordinasiyalı və qətiyyətli qlobal fəaliyyət olmadan artan resurs qıtlığı və ətraf mühitin pisləşməsi gərginliyin artmasına və potensial olaraq münaqişələrə təhrik  edə bilər. Dövlətlər ən yüksək səviyyədə fəal iştirak etməlidirlər ki, kollektiv fəaliyyət ekoloji deqradasiyanın geniş siyasi nəticələrini həll edə bilsin. Bu yanaşma qlobal həmrəyliyi möhkəmləndirəcək və ekoloji böhranlara vahid cavab verərək çoxtərəfli sistemi gücləndirəcək.

“Yaşıl” qrupun nazirləri:

Tanya Fayon- Sloveniya Respublikasının xarici işlər və Avropa işləri naziri, baş nazirin müavini;

Joze Filomeno di Karvalyu Diaş Monteyru- Kabo-Verde Respublikasının xarici işlər, əməkdaşlıq və regional inteqrasiya naziri;

Arnoldo Andre Tinoko- Kosta- Rika Respublikasının xarici işlər və dini etiqad naziri;

Doktor Vivian Balakrişnan- Sinqapur Respublikasının xarici işlər naziri;

Doktor Amna bint Abdalla Əl Dahak- Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri.

Seçilən
18
turan.az

1Mənbələr