AZ

Tobi Alderveyreld: “Karyeramı bitirməyi səbirsizliklə gözləyirəm”

Belçika millisinin sabiq üzvü, hazırda “Antverpen”in formasını geyinən Tobi Alderveyreld cari mövsümün sonunda karyerasını başa vuracaq.

Arena.az bu barədə “Sporza”ya istinadən məlumat verir.

35 yaşlı müdafiəçi 6 aydan sonra karyerasını bitirəcəyini açıqlayıb. Amma o, sonuncu mövsümündə “Antverpen”in heyətində titul qazanmaq istədiyini vurğulayıb:

“Artıq karyeramı bitirməyi səbirsizliklə gözləyirəm, amma eyni zamanda, “Antverpen”də hələ də iddialarım var. Qarşıdakı altı ayda da komandada oynamağa davam edəcəyəm. Hələlik hər anımdan həzz almağa çalışacağam. Karyeramı kubok qazanaraq başa vurmaq fantastik olardı”.

Xatırladaq ki, Tobi Alderveyreld futbola “Jerminal”da başlayıb, daha sonra Niderlandın “Ayaks” klubunun akademiyasına cəlb olunub. O, karyerası ərzində “Ayaks”, “Atletiko” (Madrid), “Sauthempton”, “Tottenhem”, “Əl-Duhail” kimi klubların da formasını geyinib. 2022-ci ilin iyul ayından “Antverpen”də çıxış edən təcrübəli mərkəz müdafiəçisi bu komandada 114 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldr ötürmə müəllifi olub. Alderveyreldin “Antverpen”lə müqaviləsinin müddəti 2025-ci ilin iyunun sonunda başa çatacaq.

Tobi Alderveyreld 2009-cu ilin 29 mayında debüt etdiyi Belçika milli komandasında bütövlükdə 127 oyun keçirib. O, bu görüşlərdə 6 qola imza atıb, 12 assist müəllifi olub. Təcrübəli futbolçu yığmanın heyətində üç dünya və iki Avropa çempionatında çıxış edib.

Alderveyreld “Ayaks”la 4 dəfə Niderland, “Atletiko” ilə 1 dəfə İspaniya çempionu olub. “Ayaks”ın heyətində 2 dəfə Niderland Kubokunu qazanmış müdafiəçi 1 dəfə də Super Kubok əldə edib. O, “Əl-Duhail” ilə Qətər Kubokunu da qazanıb.

Təcrübəli futbolçu yaşına baxmayaraq, indiki klubunun heyətində də uğurlu çıxışını davam etdirir. O, “Antverpen”lə Belçika çempionu olub, ölkə kubokunu və super kubokunu qazanıb. Tobi ötən il ölkəsində ilin ən yaxşı futbolçusu elan edilib.

Seçilən
17
arena.az

1Mənbələr