“Nərimanov rayon İcra Hakimiyyəti və “GOLD RESİDENCE” MMC Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə üzərlərinə qoyulmuş öhdəlikləri yerinə yetirməkdən imtina edir”.
Bu barədə rayonun bir qrup sakininin “AzPolitika”-ya müraciətində deyilir. Şikayətçilər bildirirlər ki, BŞİH-in 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli Sərəncamı ilə Fətəli Xan Xoyski prospekti 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarında yerləşən 1.178 ha torpaq sahəsi mülkiyyətçilərin razılığı əsasında çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “GOLD RESİDENCE” MMC-nin istifadəsinə verilib.
Qeyd olunur ki, sərəncama əsasən, sahənin zəbt olunmasının, yaşıllıqların məhv edilməsinin qarşısının alınması sifarişçiyə tapşırılıb və sözügedən bəndlərin yerinə yetirilməməsi sərəncamın ləğvinə əsas olmalıdır. Sakinlər bildirirlər ki, sərəncamın icrasına nəzarət isə Nərimanov rayon İcra Hakimiyyətinə həvalə edilib, lakin nə “GOLD RESİDENCE” MMC, nə də ki, İcra hakimiyyəti üzərlərinə qoyulan tapşırıqları icra etmirlər:
“Belə ki, bu sərəncamdan sui-istifadə edən “GOLD RESİDENCE” MMC 1,178 ha əvəzinə 3 hektara yaxın ərazini qanunsuz olaraq hasara alıb. Fətəli Xan Xoyski prospekti 128 və 130 nömrəli yataqxana binaları və Əhməd Rəcəbli küçəsi 5B ünvanında yerləşən binanın söküntüsü üçün oradakı mənzil və obyekt sahibləri ilə qarşılıqlı razılıq əsasında məsələləri həll etmək əvəzinə, onları aldadaraq, hədə-qorxu qələrək, şantaj və ya digər qanunsuz vasitələrdən istifadə edərək özünə sərf edən ucuz qiymətlərlə əldə edib. Bir neçə mənzil və obyekt sahibinin MMC ilə razılaşmamasına və hazırda həmin binalarda yaşamalarına baxmayaraq MMC onlara qanunsuz təsir göstərərək söküntü işlərinə başlayıb. Binaları kommunal xidmətlərdən ayıraraq, sakinləri susuz, qazsız qoyublar.
Sərəncamda göstərilən əraziyə daxil olmayan, Aşıq Molla Cümə küçəsi 28 nömrəli binanın həyətində yerləşən daş qarajlara da göz dikən MMC-nin rəhbərləri bəzi qaraj sahiblərini aldatmağa nail olaraq ucuz qiymətə alıb, bəzilərini isə sahibləri ilə razılaşmadan, onlardan xəbərsiz gecə ilə sökərək, mülk sahiblərinə külli miqdarda zərər vurublar. Çox təəsüf ki, polis və digər aidiyyəti dövlət orqanları həmin mülk sahiblərinin haqlı şikayətlərinə baxmır, lazımi tədbir görmürlər”, - deyə müraciətdə qeyd olunur.
Müraciət müəllifləri onu da bildirirlər ki, bu qanunsuzluqlardan başqa “GOLD RESİDENCE” MMC ərazidə “yaşıl terror” da törədir: “Belə ki, BİŞH-nin Sərəncamında göstərilən əraziyə daxil olmayan Aşıq Molla Cümə küçəsi 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan yan tərəfində salınmış yaşıllıq ərazisinə göz dikən MMC sahibləri prospekt boyunca «Gloriya» gül dükanınadək ərazini qanunsuz olaraq hasara alıb. Lakin BİŞH və Nərimanov rayon İcra Hakimiyyəti nədənsə bu qanunsuzluğa göz yumurlar. 1992-ci ildə bina sakinləri tərəfindən salınmış həmin yaşıllığa əvvəlki icra başçıları dəstək verib, Hacıbala Abutalıbov isə 2002-ci ildə zeytun ağacı hədiyyə etmişdi. Bina sakinlərinin müraciətinə əsasən, həmin yaşıllıq ərazisindəki 70-dən çox ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq qeydiyyata alınıb, qorunub-saxlanılması Nərimanov rayon İcra Hakimiyyətinə və Yaşıllaşdırma İdarəsinə həvalə edilib”.
Sakinlər vurğulayırlar ki, buna baxmayaraq, “GOLD RESİDENCE” MMC-nin rəhbərləri müxtəlif əsassız bəhanələrlə həmin yaşıllığı məhv etməyə çalışırlar. Qeyd olunur ki, özünü MMC-nin direktoru kimi təqdim edən Elnur Hüseynovun bina sakinlərinə verdiyi məlumata əsasən, yaşıllığı söküb yerinə svaylar vurulacaq ki, 9 mərtəbəli yaşayış binası sürüşməsin. “Danışığından mühəndis ixtisasına malik olmadığı hiss olunan, amma çoxmərtəbəli bina inşa etməyə hazırlaşan Elnur Hüseynov sakinləri belə gülməli sözlərlə aldatmağa çalışıb yaşıllığı ələ keçirməyə hazırlaşır”, - müəlliflər bildirirlər.
Sakinlərin sözlərinə görə, Aşıq Molla Cümə küçəsindəki 28 nömrəli bina və ətrafdakı binaların ərazisində başqa yaşıllıq ərazisi və sakinlərin asudə vaxtını keçirməyə digər yerlər yoxdur: “Bu yaşıllıq zonası sanki dəmir-betondan ibarət bir okeanda adadır. Bunu qoruyub saxlamaq hər bir vətəndaşın və dövlət qulluqçusunun borcudur. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, «Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir, çünki Bakıda ağac əkmək çətindir. Hesab edin ki, bir ağac kəsən mənim qollarımı kəsir". “GOLD RESİDENCE” MMC-nin rəhbərləri çox güman ki, Ulu Öndərin bu sözlərini unudub, Prezident İlham Əliyevin bu barədə göstərişlərini isə ümumiyyətlə veclərinə belə almırlar”.
Müəliflər hesab edirlər ki, qeyd olunanlara görə BŞİH-in 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ləğv olunmalı, aidiyyəti dövlət qurumları qanunsuzluğu törədənlər barədə ölçü götürməli, həmin yaşıllığın qorunub-saxlanılması üçün müvafiq tədbirləri həyata keçirməlidirlər.
Rasim Əliyev
“AzPolitika.info”